Bakı. 11 fevral.
Nazir müavini ölkədə sahibkarlığın inkişafı, iş adamlarına dövlət tərəfindən göstərilən dəstək, investisiyaların təşviqi üçün görülən tədbirlər barədə ətraflı məlumat verib. S.Məmmədov deyib ki, Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı üçün planlar hazırlanır: "Sənayenin inkişafı üçün bir sıra sənayeyönümlü layihələr, o cümlədən Sumqayıt, Balaxanı, Qaradağ və Mingəçevirdə sənaye məhəllələri yaradılıb. Dövlətin məqsədi - sahibkarlığın inkişafına dəstək verməkdir. Əsas xərctutumlu sahələrdən biri infrastrukturdur ki, burada da xərclərin müəyyən hissəsi dövlət tərəfindən ödənilməklə, onlara köməklik göstərilir. Habelə əvvəl biz daxili bazarın qorunub saxlanılmasına böyük diqqət ayırırdıqsa, indi xaricdə də öz məhsullarımızın təşviqi üçün bazarlar axtarırıq".
S.Məmmədov əlavə edib ki, ölkədə investisiyaların təşviqi, qeyri -neft məhsullarının ixracı, Azərbaycan brendlərinin xaricdə tanınması məqsədi ilə əlavə kreditlərin verilməsi üçün tədbirlər görüləcək: "Bir sözlə, ölkə iqtisadiyyatının inkişafı üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu gün gənclərə də bildirmək istəyirik ki, təşəbbüskar gənclər, biznes ideyaları olan gənclər daha bilikli olsunlar. Biznes qurmağı, biznes planları hazırlamağı, layihələri idarə etməyi öyrənsinlər, araşdırsınlar və dünya görüşlərini genişləndirsinlər".