Azərbaycan iqtisadiyyat naziri “MEDEF İnternational” təşkilatının nümayəndələri ilə görüşüb

Azərbaycan iqtisadiyyat naziri “MEDEF İnternational” təşkilatının nümayəndələri ilə görüşüb Şahin Mustafayev: “Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,4 mlrd. dollar investisiya qoyub”
Biznes
11 May , 2016 18:52
Azərbaycan iqtisadiyyat naziri “MEDEF İnternational” təşkilatının nümayəndələri ilə görüşüb

Bakı. 11 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan “MEDEF İnternational” təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və “Suez” şirkətinin direktor müavini Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev Azərbaycan və Fransa arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Nazir qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr, humanitar, xüsusilə mədəniyyət və təhsil sahəsində əməkdaşlıq uğurla inkişaf edir: “Azərbaycan-Fransa iqtisadi əlaqələri müxtəlif sahələri əhatə edir. Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycan iqtisadiyyatına 2,4 mlrd. dollar investisiya qoyub. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollar təşkil edib. Eyni zamanda Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına reallaşdırılan layihələrdə iştirak edir”.

Ş.Mustafayev Azərbaycan-Fransa işgüzar əlaqələrinin genişlənməsində təşkilatın xüsusi rolunu olduğunu bildirib: “Fransa şirkətlərini ölkəmizdə aqrar, tikinti, nəqliyyat, aviasiya, turizm, yüksək texnologiyalar, ekologiya və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edirik. İqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycan-Fransa Ticarət Sənaye Palatasının fəaliyyətinin gücləndirilməsi olduqca vacibdir”.

Görüşdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Fransa-Azərbaycan münasibətlərinin geniş əhatə dairəsinə malik olduğunu deyən “MEDEF İnternational” təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və “Suez” şirkətinin direktor müavini Mari-Anj Döbon hər iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb. Direktor müavini qeyd edib ki, bu səfər Fransa iş adamlarına Azərbaycanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olmaları üçün yaxşı fürsətdir.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez Azərbaycanın Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Görüşdə Fransa şirkətlərinin fəaliyyət sahələri barədə məlumat verilib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi