Bakıda ​Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığı müzakirə edilib

Bakıda ​Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığı müzakirə edilib Şahin Mustafayev: "Azərbaycanla İsveçrə arasında iqtisadi qanunvericilik bazası formalaşdırılıb"
Biznes
10 Mart , 2016 17:53
Bakıda ​Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığı müzakirə edilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İsveçrə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İsveçrə Konfederasiyası İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi Liviya Leu ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə Ş.Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin yüksək səviyyədə olduğunu, uğurla inkişaf edən əməkdaşlığın genişləndirilməsində intensiv qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulayıb: “Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələr müxtəlif sahələri əhatə edir. Ölkələrimiz arasında iqtisadi sahənin də əhatə olunduğu müvafiq qanunvericilik bazası formalaşdırılıb, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdirilir, iş adamları arasında əlaqələr genişlənir. O cümlədən iş adamları arasında əlaqələrin inkişafında bu gün 7-ci iclası keçirilən Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir. Eyni zamanda istehsal, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var”.

Görüşdə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb. Ş.Mustafayev İsveçrənin bəzi şirkətlərinin Azərbaycanın işğal edilən ərazilərində fəaliyyətinin beynəlxalq qanunvericiliyə zidd və qəbuledilməz olduğunu deyib.

SECO-nun Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi L.Leu ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iki ölkə arasında enerji, ticarət və investisiya qoyuluşu sahələrində uğurla əməkdaşlıq edildiyini bildirib. L.Leu qeyd edib ki, İsveçrə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və vətəndaşlarına Azərbaycanın işğal olunan ərazilərinə səyahət etməməyi tövsiyə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi