Azərbaycan gömrük rəsmiləşdirilməsi ilə bağlı cərimələri artırır

Azərbaycan gömrük rəsmiləşdirilməsi ilə bağlı cərimələri artırır Sənədləri 2-6 ay gecikdirən fiziki şəxslərin 300-500 manat məbləğində cərimə edilməsi təklif olunur
Biznes
14 Dekabr , 2015 15:16
Azərbaycan gömrük rəsmiləşdirilməsi ilə bağlı cərimələri artırır

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda gömrük rəsmiləşdirilməsi ilə bağlı cərimələrin artırılması nəzərdə tutulur. "Report" xəbər verir ki, bu, yeni hazılrlanan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.

Dəyişikliyə əsasən, malların və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi və ya gömrük nəzarətindən gizlədilməsi ilə bağlı təbiq edilən cərimələrin aşağı həddi iki dəfə artırılaraq həmin malların və nəqliyyat vasitələrinin dəyərinin 60%-i civarında müəyyən edilib.

Təkliflərə əsasən, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı cərimələrin aşağı həddi 6 dəfə artırılaraq 5%-dən 30%-ə çatdırılıb və gömrük nəzarəti zonası rejiminin pozulması ilə bağlı hallarda aşağı hədd ləğv edilib. Belə ki, bu tipli hallarda fiziki şəxslərin 100 manatadək, vəzifəli şəxslərin 250 manatadək, hüquqi şəxslərin isə 500 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Məcəllədə bu məbləğ fiziki şəxslər üçün 20-50 manat, vəzifəli şəxslər üçün 100-200 manat, hüquqi şəxslər üçün 250-500 manatdır.

İnzibati Xətalar Məcəlləsinin "Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması və ya müəyyən edilmiş marşrut və müddətlər pozulmaqla çatdırılması" maddəsinin isə tam dəyişdirilməsi nəzərdə tutulub. Belə ki, sənədlərin 15 günə qədər gecikdirilməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə ediləcək. Həmin sənədləri 15 gündən 1 aya qədər gecikdirən fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 250 manat, hüquqi şəxslər 500 manat cərimə ödəməyə məcbur olacaqlar. 

Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması 1 aydan 2 ayadək müddətdə gecikdirillərsə, fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 350 manat, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə ediləcək. 

Adıçəkilən malları və nəqliyyat vasitələrini 2 aydan 6 aya qədər gecikdirən fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 600-750 manat, hüquqi şəxslər isə 800-1000 manat məbləğində cərimə ödəməli olacaqlar.

Bununla yanaşı, sənədləri 6 aydan artıq müddətdə gecikdirən fiziki şəxslər 700-900 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2000-3000 manat cərimə edilir.

Son xəbərlər

Orphus sistemi