​"AtaHolding"in zərəri 10 dəfə artıb

​"AtaHolding"in zərəri 10 dəfə artıb Şirkətlər qrupunun məcmu kapitalı isə 21% azalaraq 85,5 mln. manata düşüb
Biznes
2 Avqust , 2016 11:32
​AtaHoldingin zərəri 10 dəfə artıb

Bakı. 2 avqust. REPORT.AZ/ 2015-ci ilin yekununa görə, "AtaHolding" MMC-nin cəmi aktivləri 634,586 mln. manat təşkil edib. "Report" Holdinqin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 0,4% çoxdur.

İl ərzində şirkətlər qrupunun cəmi öhdəlikləri 4,9% artaraq 549,131 mln. manat, cəmi kapitalı isə 21,3% azalaraq 85,455 mln. manat olub.

Ötən il "AtaHolding"in aktivlərinin 81,4%-ni və yaxud 516,247 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, 2014-cü ilə nisbətən 15,4% çoxdur.

Hesabat ilində Holdinqin öhdəliklərinin 79,4%-ni və yaxud 435,968 mln. manatını müştərilər və banklar tərəfindən yerləşdirilmiş depozitlər təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 1% azdır.

Hesabat dövründə "AtaHolding"in əməliyyat zərəri 21,404 mln. manat, maliyyə gəliri 1,325 mln. manat, mənfəət vergisi xərci isə 1,367 mln. manat olub. Son nəticədə Holdinq 2015-ci ili 21,446 mln. manat xalis zərərlə başa vurub. Xatırladaq ki, şirkətlər qrupu 2014-cü ili 2,338 mln. manat zərərlə tamamlayıb.

Xatırladaq ki, "AtaHolding" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 125,345 mln. manatdır. Holdinqdə 51% payla "Hughson Management İnc." (Panama), 25% payla "Asbet Ltd." (Seyşel adaları), 24% payla isə "Clonmel İnternational İnc." (Panama) şirkətləri təmsil olunub.

Son xəbərlər

Orphus sistemi