ADCO direktoru: "Biz ən mürəkkəb məsələləri həll etməyə qadirik"

ADCO direktoru: "Biz ən mürəkkəb məsələləri həll etməyə qadirik" "Həyata keçirilmiş layihələr bizim adımız, reklamımızdır"
Biznes
20 Avqust , 2015 14:59
ADCO direktoru: Biz ən mürəkkəb məsələləri həll etməyə qadirik

Bakı. 20 avqust. REPORT.AZ/ İnsan fəaliyyətinin elə istiqamətləri var ki, onlarsız müasir həyatı təsəvvür etmək artıq mümkün deyil. Reklam və onu istehsal edənlər müasir cəmiyyətdə möhkəm mövqe tutur və iqtisadiyyatın istənilən sahəsinin ayrılmaz hissəsinə çevrilirlər. Mövcud olduğu dövr ərzində bir neçə “təkamül” mərhələsi keçən reklam agentlikləri bu gün haqlı olaraq iqtisadi inkişafın hərəkətverici qüvvələri arasında yerlərini tutublar. Əlbəttə ki, Azərbaycanda reklam bazarı inkişaf mərhələsindədir, amma bununla belə, hazırda sifarişlərin mürəkkəblik dərəcəsini, işlərin yerinə yetirilməsi keyfiyyətini, ən əsası isə göstərilən xidmətlərin nəticəsini nəzərə almaqla müştərilərin kifayət qədər yüksək tələblərinə cavab verən bəzi yerli agentlikləri görmək olar. "Report" Azərbaycanda fəaliyyət göstərən belə təşkilatlardan biri - ADCO Reklam Agentliyinin direktoru Elnur Eyvazovla rəhbərlik etdiyi qurumun hansı vəzifələri yerinə yetirmək iqtidarında olduğu, eyni zamanda, reklam bazarında rəqabət şəraitində daha cəzbedici görünməyin yolları haqqında müsahibəni təqdim edir: 

- Elnur müəllim, agentliyiniz necə yarandı və onun özünəməxsusluğu nədən ibarətdir?

- Məni marketinq və reklam sahəsi həmişə maraqlandırıb. Nəticədə elə alındı ki, həmfikirlərim tapıldı və 2011-ci ildə biz ADCO adı altında öz reklam agentliyimizi yaratdıq. İş prosesində öz güclü tərəflərimizi üzə çıxardıq: istehsalat, BTL, tədbirlərin təşkili və s. Bu gün ADCO istənilən növ təcrübə və yeniliklər üçün açıq olan gənc, enerji dolu komandadır, bizim hər biri çox dəyərli və təkrarolunmaz olan gözəl müştərilərimiz var.

- Bizə bir qədər müştəriləriniz haqqında danışa bilərsiniz?

- Məmnuniyyətlə deyə bilərəm ki, bizə etibar edən böyük müştəri bazası ilə işləyirik. Müştərilərimiz ən müxtəlif sahələrin - həm özəl, həm də dövlət müəssisələrinin nümayəndələridir. Onlar arasında maliyyə təşkilatları - banklar, sığorta şirkətləri, sənaye və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlər və s. var, həm də onlarla əməkdaşlıq təkcə bir layihə çərçivəsində deyil, reklam fəaliyyətinin bir çox sahələrində davam etdirilir.

- Bəs niyə haqqınızda belə az məlumat var?

- Məsələ ondadır ki, məhz belə istiqamətdə fəaliyyət göstərən agentliyin xüsusi piara ehtiyacı olmur. Həyata keçirilmiş layihələr bizim adımız, reklamımızdır.

Elnur müəllim, son vaxtlar hansı həyata keçirdiyiniz layihəni xüsusi qeyd etmək istərdiniz?

- Şübhəsiz, ən əhəmiyyətli layihə Dənizkənarı Bulvarda "Bakı 2015" I Avropa Oyunlarına həsr olunmuş pavilyon olub. Pavilyon müştərimiz olan şirkətin loqotipi şəklində 20 metr uzunluğunda, 7 metr enində qurğu idi. Bu layihənin həyata keçirilməsi üçün vaxtımız həddindən artıq az idi, amma biz 24/7 iş rejimində 36 günə pavilyonu qurmağı bacardıq. Bu sahənin mütəxəssisləri yaxşı başa düşürlər ki, bu qədər qısa müddətdə keyfiyyətli iş təqdim etmək üçün böyük resurslar cəlb olunmalıdır. Agentliyimiz də vaxtilə istehsalat sexinin işini təşkil etməsi sayəsində qarşısına qoyulmuş vəzifənin öhdəsindən gəldi.

Tikintidən başqa, biz pavilyonu texniki avadanlıqla təchiz edirdik və onun fəaliyyət göstərdiyi müddət ərzində bütün proseslərə nəzarət edirdik. Bu gün biz istehsalatın düzgün qurulması sayəsində ən böyük layihələrin həyata keçirilməsini cəsarətlə öhdəmizə götürə bilərik. Biz marketlər üçün kiçik stendlərdən sərgi mərkəzlərindəki stendlərə və digər böyük qurğulara qədər müştəriyə reklam konstruksiyalarının istehsalı sahəsində istənilən xidmətləri göstəririk.

- Məlum olduğu kimi, reklam sektoru bilavasitə iqtisadi vəziyyətdən asılıdır, iqtisadi proseslər sizin müştərilərlə münasibətlərinizə və ümumilikdə bazara necə təsir göstərir?

- Şübhəsiz, iqtisadi proseslərin reklam sahəsinə güclü təsiri var. Məlum olduğu kimi, iqtisadi vəziyyətdən asılı olaraq şirkətlər bəzən reklam xərclərini azaltmaq məcburiyyətində qalırlar. Biz belə şəraitdə tez-tez çətin vəzifələrlə qarşılaşır, minimal xərclərlə böyük layihələr həyata keçirməyə məcbur oluruq. Belə hallarda qarşıya qoyulmuş vəzifəyə çox dəqiq yanaşmaq, bütün sərfəli tərəfləri üzə çıxarmaq, yəni hər bir xırda detalı düşünmək lazımdır. Məsələn, həmin pavilyona baxdıqda elə görünə bilər ki, bu, çox maliyyə vəsaiti tələb edən layihədir. Amma biz bu məsələyə rasional yanaşdıq. Əvvəlcə pavilyonun tikintisi üçün çox böyük məbləğ tələb olunurdusa, ancaq biz müəyyən istehsal proseslərinin optimallaşdırılması yolu ilə nəzərdə tutulan büdcəni xeyli azaltdıq. Bu bizim işləyib hazırladığımız və müştərilərimizə təklif etdiyimiz bir növ antiböhran xarakterli tədbirlərdir.

Elnur müəllim, ölkədəki reklam sektorunu necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda beynəlxalq reklam şəbəkəsindən olan şirkətlərlə yanaşı, artıq müxtəlif fəaliyyət sahələrini əhatə edən, yüksək peşəkarlıq və rəqabət qabiliyyətini nümayiş etdirməklə öz sözlərini deyən yerli reklam şirkətləri mövcuddur. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, hazırda istehsalat və BTL sahəsində bizim şirkətimiz ölkənin ən güclüləri sırasındadır.

- Bəs gələcəkdə agentliyinizi necə inkişaf etdirməyi planlaşdırırsınız?

- Bizim şirkət üçün həmişə prioritet uğurlu layihə olub. Biz özümüzü çətin və maraqlı məsələlərin həlli ilə tanıtmağın tərəfdarıyıq və artıq özümüzü ən ağlagəlməz layihələri öhdəsinə götürən təşkilat kimi göstərmişik. Şirkətdə qurub işlədiyimiz mexanizm sayəsində müştəri əmin ola bilər ki, layihənin bütün mərhələləri lazımi səviyyədə və müddətdə həyata keçiriləcək. Hər yeni layihə agentliyimiz üçün dəyərli təcrübə və gələcək inkişafı üçün stimuldur.

- Yuxarıda deyilənlərə nə əlavə etmək istərdiniz?

- Bu gözəl fürsətdən istifadə edib bilavasitə reklam sifarişçilərinə müraciət etmək istərdim: Hörmətli reklam sifarişçiləri, layihələrinizi böyük xərclər tələb etdiklərinə görə kənara qoymayın, möhtəşəm ideyalardan çəkinməyin, çünki həmişə əlverişli çıxış yolu tapmaq və ən inanılmaz görünən ideyanı hətta kiçik büdcə ilə həyata keçirmək olar. Biz bu işdə sizə kömək edə bilərik.

Son xəbərlər

Orphus sistemi