İtaliya Azərbaycan ilə qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlığı genişləndirir.
"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Kursi Bakıda keçirilən "Azərbaycan və İtaliya daha yaxşı qida istehsalı naminə" mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Belə ki, onun sözlərinə görə, Azərbaycanda içki istehsalında İtaliya texnologiyalarından istifadə edilir.
"İtaliyanın "İVECO" şirkəti Azərbaycana təcili yardım maşınları tədarük edib, "Ansoldo Energia" şirkəti hazırda elektrik enerjisi istehsalı ilə bağlı turbinlərin təchizatı ilə məşğuldur", - deyə R. Kursi qeyd edib.
O vurğulayıb ki, İtaliyanın moda və dizayn sahəsindəki şirkətlərinin əksəriyyəti Azərbaycanda fəaliyyət göstərirlər: "Bununla yanaşı, mebel sahəsinə də maraq var".
R. Kursi qeyd edib ki, 2023-cü ildə Azərbaycanla İtaliya arasında traktor tədarükü ilə bağlı müqavilə imzalanıb: "Bu, ölkələr arasında aqrar sahədə əməkdaşlığın inkişafını göstərir".