"PwC Azerbaijan": 2016-2017-ci illər dəyişikliklər baxımından gərgin dövr olacaq

"PwC Azerbaijan": 2016-2017-ci illər dəyişikliklər baxımından gərgin dövr olacaq Mövlan Paşayev: "Buna baxmayaraq, şirkət gələcəyə nikbin baxır"
Biznes
5 May , 2016 12:55
PwC Azerbaijan: 2016-2017-ci illər dəyişikliklər baxımından gərgin dövr olacaq

Bakı. 5 may. REPORT.AZ/ “Azərbaycan bazarı qlobal maliyyə böhranının təsiri nəticəsində sınaq dövründən keçir. Təxminən ötən ilin ortasından bu ilin əvvəlinə kimi biznesdə psixoloji şok dövrü yaşanıb. Bu ilin əvvəlindən başlayaraq, Prezident İlham Əliyev iqtisadiyyatda strateji prioritetləri müəyyən edib. Bu prioritetlər milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri kimi əhəmiyyətli qərarlarda öz əksini tapıb”. Bunu "Report"a açıqlamasında "PwC Azerbaijan" audit şirkətinin idarəedici partnyoru Mövlan Paşayev bildirib.

"Eyni zamanda, insanlar da indiki reallıqlara adaptasiya etməyə başlayıblar. Neftin qiyməti, manatın məzənnəsi kimi amilləri nəzərə alsaq, bazarda artıq müəyyən sabitləşmə izlənilir. Bu, işgüzar dairələrdə nisbətən nikbin əhvali-ruhiyyə yaradıb", - deyə M.Paşayev qeyd edib.

Bununla belə, "PwC Azerbaijan" rəsmisi mühüm dəyişikliklər baxımından 2016-2017-ci illərin gərgin dövr olacağını ehtimal edir: "Çünki dəyişikliklərin həyata keçirilməsi vaxt aparır. Üçillik, yəni, nisbətən uzunmüddətli perspektivi nəzərdə alsaq, sözsüz, gələcəyə böyük nikbinliklə baxırıq”.

M.Paşayev əlavə edib ki, Azərbaycanda yeni islahatların reallaşdırılması, dünya təcrübəsi və standartlarının tətbiqi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "ASAN Xidmət" və digər aiddiyyəti qurumlar gərgin çalışır: "Ümumilikdə, strateji planlar çoxdur. Hesab edirəm ki, şirkətlərin idarəetmə effektivliyi sahəsində olan layihələrin sayı artacaq. Azərbaycanın dünya bazarına inteqrasiyasının mühüm tərkib hissəsi olan şəffaflaşma prosesi şirkətlərdə vergi-hüquq, audit kimi xidmətlərə ehtiyacın yaranmasına səbəb olacaq. Bütün bunlar biznesin uğurlu fəaliyyəti üçün dəyər meyarının yüksəlməsinə əhəmiyyətli dərəcədə imkan yaradacaq".  

Son xəbərlər

Orphus sistemi