​Türkiyə MOK-un vitse-prezidenti: "II Avropa Oyunlarını keçirməyə hazırıq" - MÜSAHİBƏ

​Türkiyə MOK-un vitse-prezidenti: "II Avropa Oyunlarını keçirməyə hazırıq" - MÜSAHİBƏ "Bu cür hisslərə həsrət qalmışıq"
Avropa Oyunları
17 İyun , 2015 10:29
​Türkiyə MOK-un vitse-prezidenti: II Avropa Oyunlarını keçirməyə hazırıq - MÜSAHİBƏ

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Hasan Aratın "Report"a müsahibəsi:

- Hazırda Türkiyənin 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına ev sahibliyi edəcəyi mövzusu gündəmdədir. Yerli MOK-da bu məsələ müzakirə olunubmu?

- Mən bu məsələ ilə bağlı açıqlama verərək bildirmişəm ki, Türkiyədə dövlət rəsmiləri belə bir tədbir həyata keçirmək istəsələr, təşkilatçılıq yaxşı olar. Dedim ki, rəsmi şəxslər istəsə, Türkiyə bunu edə bilər. Türkiyə bu cür tədbiri həyata keçirməyə hazırdır. Xüsusilə Mersin, İzmir, Antalya kimi şəhərlər yarışlar üçün tam hazır vəziyyətdədir. Bundan əvvəl də Akdeniz Oyunları keçirilib. Ancaq buna MOK deyil, dövlət rəsmiləri qərar verir.

- Yəni, hələ dəqiqləşən heç nə yoxdur?

- Xeyr. Mənə belə bir sual verildi, mən də dedim Türkiyə Oyunları keçirə bilər.

- Siz həm də Avropa Olimpiya Komitəsinin (EOC) İdarə Heyətinin üzvüsünüz. EOC-da II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi haqda hansısa müzakirələr aparılırmı?

- Görüşlər, müzakirələr olur. Bu məsələ qarşıdakı aylarda daha da dəqiqləşəcək. Hollandiya son anda II Avropa Oyunlarının ev sahibliyindən imtina etdi. Olimpiya oyunlarında da bu cür hallar olur. Məsələn, qış olimpiadalarında da namizədliyini geri götürən ölkələr olur. Bunlar ölkələrin daxili siyasi vəziyyətinə görə dəyişə bilər və buna da hörmətlə yanaşmaq lazımdır. Başqa şəhərlər, ölkələr var və onlarla görüşlərimiz, müzakirələrimiz davam edir. Ancaq ad çəkməkdən imtina edirik.

- Avropa Oyunlarının gələcəyini necə görürsünüz?

- Avropa dünyanın ən qədim mədəniyyət beşiyidir. Dünyada Pan Amerika Oyunları, Asiya Oyunları keçirilir. Avropa Oyunları gec olan bir başlanğıcdır. Ancaq bu başlanğıc Azərbaycan sayəsində çox uğurlu oldu. Bakıdakı Atletlər Kəndi dünya standartlarına uyğundur. Londonda keçirilən Olimpiya Oyunlarında hansı keyfiyyət vardısa, Atletlər Kəndində də var. Bu işdə ən vacib amil idmançıların razı qalmasıdır. Belə olan təqdirdə, idmançı uğur qazanar. İdmançı yarış zamanı çoxlu azarkeş görür, ciddi tamaşaçı kütləsi var. İdman obyektləri çox gözəldir. Buradakı idman obyektləri Avropadakı müvafiq obyektlərin ən müasirləridir. Bakı bu işi uğurla görür və davam etdirir. İnanıram ki, sona qədər də belə gedəcək.

- "Bakı 2015" haqda fikirləriniz necədir?

- Xalq, şəhər, dövlət bunu istədi və oldu. Bundan əlavə, idmançılarınız çox yaxşıdır. Uğurla çıxış edirlər və medallar qazanırlar. Bunu görən Avropa ölkələri də belə tədbirlər keçirmək istəyəcək. Bakı Avropa Oyunları üçün çox gözəl başlanğıc oldu.

- Bildirmisiniz ki, Türkiyə Avropa Oyunlarını daha az xərclə həyata keçirə bilər...

- Bəli, çünki bizim idman qurğularımız və obyektlərimiz hazırdır.

- Türkiyə idmançılarının çıxışını necə dəyərləndirirsiniz?

- Başlanğıc yaxşıdır. Güləş və karatedən əlavə, taekvondo, qadın voleybolu, atıcılıqdan yaxşı nəticələr gözləyirik. Bundan başqa, boks və cüdodan da medal qazanmaq olar. Türkiyədəki televiziyalar Bakıdan gün ərzində 10-12 saatlıq canlı yayım verirlər. Bütün Türkiyə xalqı bu yarışları izləyir və bu da idmançıların motivasiyası üçün yaxşıdır. Uşaqlar vətənə medalla dönmək istəyirlər. Türkiyə çox razıdır. Hətta Açılış mərasimində böyük sevgi ilə qarşılandılar. Azərbaycan tamaşaçısının türkləri bu cür alqışlaması tarixdə qalacaq. Bu da iki qardaş ölkənin uğurudur. Bu, unudulmaz bir şeydir.

- EOC rəsmisi kimi deyil, Hasan Arat olaraq, II Avropa Oyunlarının harada keçirilməsini istərdiniz?

- Şəxsi düşüncəm odur ki, əgər dövlət rəsmilərimiz bunu məqsədəuyğun sayarsa, niyə də Türkiyədə olmasın? Ancaq biz həmin il gənclərin olimpiadasına ev sahibliyi edəcəyik. Türkiyədə yeni hökumət qurulacaq. Bir daha deyirəm, Oyunların keçirilməsi ilə bağlı məsələ ölkə rəsmilərinin verəcəyi bir qərardır. Ancaq bir gün öz ölkəmdə bunların həyata keçirilməsini istəyirəm. Çünki bu, çox uğurlu olacaq.

- Artıq bir neçə gündür Bakıdasınız. Gəzməyə vaxtınız olub?

- İçərişəhərdə, Türk Şəhidliyində oldum. Çox gözəldir. Qız Qalasına da getməyi planlaşdırıram. Gözəl şəhəriniz var. Bütün Avropadan olan dostlar deyir ki, sizi burada çox sevirlər. Eyni dili danışırıq, bu cür hisslərə həsrət qalmışıq. Bunları yaşamaq, hiss etmək böyük şərəfdir.

- Burada olduğunuz bir neçə gündə Azərbaycanın hansı yeməklərini bəyənmisiniz?

- Sizdə plov var, onun içində ərik və s. olur. Ən çox bəyəndiyim odur. Sonra yarpaq dolmasını xoşlayıram. Burada çox gözəl bişirirlər. Məsələn, İstanbulda restoranda dolmanı belə bişirmirlər, ancaq burada möhtəşəmdir. Bir çox yeməklər var. Burada nəyisə bəyənməmək mümkündür?! Azərbaycan öz məmləkətimizdir. Mənim üçün burada bir nömrəli yemək yarpaq dolmasıdır.

Son xəbərlər

Orphus sistemi