Mehriban Əliyeva: “Azərbaycan “Bakı-2015”i yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub”

Mehriban Əliyeva: “Azərbaycan “Bakı-2015”i yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub” Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib
Avropa Oyunları
29 Sentyabr , 2014 09:27
Mehriban Əliyeva: “Azərbaycan “Bakı-2015”i yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub”

Bakı. 29 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərindəki “Akropol” muzeyində “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib.

“Report”un məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi mərasimə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, İnzibati İslahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıb.

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. O, qonaqpərvərliyə görə təşəkkürünü bildirib. M.Əliyeva çıxışında deyib ki, Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır.

“Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib. Bu yaxınlarda “Cənub” Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verib. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə gücləndirilməsinə xidmət edəcək və Yunanıstan ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaq” – deyə, birinci xanım çıxışında bildirib.

M.Əliyeva çıxışında vurğulayıb ki, bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. “Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaqdır. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır. Yekunda əziz dostlar sizin hamınızı bu tarixi oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixə malik və qədim ölkə olan, Qərb və Şərqin ayırıcında yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət edirəm. Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik, müvəffəqiyyət və çiçəklənmə arzu etmək istəyirəm”.

Mərasimdə çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğulayıb və Yunanıstanın dəstəyini ifadə edib.

Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirib ki, Avropa “Bakı-2015”-i səbirsizliklə gözləyir. “Bu, bütün qitənin həyatında mühüm tədbir olacaq” - deyən Angela Gerekoi qeyd edib ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi