Federasiya prezidenti: "Karatenin olimpiadanın proqramına salınması üçün "Bakı-2015" böyük tramplin olacaq" - MÜSAHİBƏ

Federasiya prezidenti: "Karatenin olimpiadanın proqramına salınması üçün "Bakı-2015" böyük tramplin olacaq" - MÜSAHİBƏ "Dünya Karate Federasiyasına 188 üzv dövlətin əksəriyyəti Bakıya yarışı izləməyə gələcək"
Avropa Oyunları
30 Yanvar , 2015 15:15
Federasiya prezidenti: Karatenin olimpiadanın proqramına salınması üçün Bakı-2015 böyük tramplin olacaq - MÜSAHİBƏ

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun "Report"a müsahibəsi

- I Avropa Oyunlarının karateçilərimiz üçün necə keçəcəyini düşünürsünüz?

- Asan olmayacaq. Çətin döyüşlər keçirəcəyik. Ona görə də gərək hazırlıqlı olaq. Avropa Oyunlarında karate yarışları dünya çempionatı səviyyəsində olacaq.

- Hazırlıqlar necə gedir?

- Hazırlıqlar davam edir. Baş sponsorumuz Azərbaycan Beynəlxalq Bankının köməyi ilə "İnter Arena"da bizə məşq zalları ayrılıb. Bu günədək işimizi pis qursaydıq, belə uğurlu nəticələr olmazdı. Yalnız komanda hesabında dünya çempionu ola bilməmişik, qalan bütün titulları qazanmışıq. 2010-cu ildə Serbiyada finalçı da olmuşuq. 2014-cü ildə isə çempionluq üçün nəsə çatmadı. Amma şəxsi görüşlərdə çempionumuz var. İsrafil Şirinov yeniyetmələr, Ayxan Mamayev gənclər, Rafael Ağayev böyüklərin mübarizəsində bu uğuru əldə edib. Ancaq komanda şəklində çempion olmamışıq.

- Avropa Oyunları ilə bağlı hazırlıq planınız nədir?

- Bir neçə gün öncə Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Priyə qatıldıq. Qarşıdan Hollandiyada liqa yarışı olacaq. Parisdəki yarış kiçik dünya çempionatı sayılır və bu bizim üçün əhəmiyyətli idi. Bu yarışa dünyanın ən güclü idmançıları gəlir və yer tutmaq çətindir. Liqanın yarışları da çətin olur. Bura da hər yerdən idmançılar gəlir və ilboyu xal yığırlar. Sonra yekun nəticəyə görə mükafat verilir. Bu yarışlarda idmançının reytinqi də artır və xal yığılır. İdmançılar hazırlığı pis keçmir. Rafael Ağayev qızıl medala real namizəddir. O, Qran Pridə də yaxşı çıxış etdi. Baxmayaraq ki, ona qarşı hakim haqsızlığı oldu. 67 kq-da rəqabət çox güclüdür və bu, sevindirici haldır ki, gənclər yüksəlir. Məsələn, gənc Tural Ağalarzadə Azərbaycan çempionatında titullu karateçimiz Niyazi Əliyevi məğlub etdi. Ağır çəkidə komandanın kapitanı Şahin Atamov gözəl çıxış edir. Ən təcrübəli, titulu olan idmançılardan biridir. Dəfələrlə dünya, Avropa çempionatının mükafatçısıdır. Hətta qızıl medal da götürə bilər. Ayxan Mamayev də yaxşı idmançıdır. Bunların hər birindən qızıl medal gözləyə bilərik. Hər çəkidə bir nəfər çıxış edəcək. Qızlarda isə İlahə Qasımova ilə Nuranə Əliyevaya ümid bəsləyirik. Sənədləşmə işlərini çatdırsaq, qadınlar arasında ən yuxarı çəkidə ukraynalı legionerə şans verəcəyik. Bu, gənclər arasında 3 qat Avropa çempionu və böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı İrina Zaretskayadır.   

- Ümumiyyətlə, Avropa Oyunlarına seçim qaydası necə olacaq?

- Martda Türkiyənin İstanbul şəhərində 50-ci Avropa çempionatı keçiriləcək. Seçim də məhz bu yarışda olacaq. Çempionatda ilk "altılığ"a düşənlər Avropa Oyunlarına vəsiqə qazanacaqlar. Bundan başqa, Azərbaycan təşkilatçı ölkə olduğu üçün hər çəkidə bir idmançı birbaşa Avropa Oyunlarına qatılacaq. Bir nəfər isə Dünya Karate Federasiyası tərəfindən göndəriləcək. Ümumilikdə hər çəkidə 8 nəfər döyüşəcək. Avropa çempionatında Azərbaycan idmançısı hansısa çəkidə ilk "altılığ"a düşsə, sıralamada 7-ci olan idmançı Avropa Oyunlarına vəsiqə qazanacaq. Qitə çempionatı həm də ona görə əhəmiyyətlidir ki, hansısa güclü idmançını erkən mərhələdə yenərək, Avropa Oyunlarına gəlməkdən məhrum edə bilərik. Nəticədə "Bakı-2015"ə əsas rəqiblərdən birinin gəlməməsini təmin edə bilərik. Avropa çempionatında bizim karateçilər sərbəst olacaqlar, çünki uduzmağın ziyanı böyük olmayacaq.

- Qitənin aparıcı idmançıları Avropa Oyunlarında iştirak etməkdə nə qədər maraqlıdırlar?

- İlk dəfə keçirildiyindən Avropa Oyunlarının reytinqi çox yüksəkdir. Bunu xaricdə olduğumuz vaxt müxtəlif ölkələrin nümayəndələri bizimlə söhbətdə dəfələrlə bildiriblər. Dünya karate aləmində Avropa Oyunlarına maraq çox böyükdür. Nəinki Avropa, digər qitələr də bu oyunları diqqətdə saxlayırlar. Dünya Karate Federasiyasına188 üzv dövlətin əksəriyyəti Bakıya yarışı izləməyə gələcək. Çin və Yaponiya telekanalları çəkiliş aparacaq, Rusiyanın "Boets" telekanalı birbaşa yayım verəcək. Yəni bu oyunlara maraq həddindən artıq böyükdür.

- Avropa Oyunlarını karate üçün Yay Olimpiya Oyunlarının proqramına salınmasına bir tramplin saymaq olar?

- "Bakı-2015"də karate olimpiada üçün həqiqətən də böyük tramplin rolunu oynayacaq. Avropa Oyunlarından çox şey asılı olacaq. Bu barədə söhbət gedir. Ehtimal var ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına karate nümunəvi idman növü kimi salınsın. 

- "Bakı-2015" öncəsi test yarışları keçirəcəksiniz?

- Bildiyiniz kimi, "Bakı-2015"də 12 dəst medal uğrunda mübarizə gedəcək. Kumite döyüşlərinə kişilər 60 kq, 67 kq, 75 kq, 84 kq və 84 kq-dan yuxarı, qadınlar 50 kq, 55 kq, 61 kq, 68 kq və 68 kq-dan yuxarı çəkilərdə qatılacaqlar. Eyni zamanda, hər iki cinsin nümayəndələri kata növündə yarışacaqlar. Amma Avropa Oyunlarında komanda kumite döyüşləri olmayacaq. Apreldə test xarakterli Beynəlxalq "Baku Open" turniri keçirəcəyik. Amma yarış 6 çəki dərəcəsi üzrə olacaq. Digər tərəfdən, Avropa Oyunlarında karate yarışları üçün nəzərdə tutulan "Crystal Hall"da hazırda təmir gedir. Daha doğrusu, zalda bəzi dəyişikliklər edilir. Bu da müəyyən vaxt aparacaq. Arena aprelədək hazır olmayacaq, ona görə də test yarışımızı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil edəcəyik. 

Son xəbərlər

Orphus sistemi