Bu gün "Bakı 2015" I Avropa Oyunları start götürür

Bu gün "Bakı 2015" I Avropa Oyunları start götürür Qitənin 50 ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq
Avropa Oyunları
12 İyun , 2015 00:00
Bu gün Bakı 2015 I Avropa Oyunları start götürür

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan paytaxtında "Bakı 2015" I Avropa Oyunları start götürəcək. "Report"un məlumatına görə, tarixdə ilk dəfə təşkil olunacaq Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda saat 20:15-də başlanacaq.

Qitənin 50 ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Ən çox idmançı ilə Rusiya təmsil olunacaq. Bu ölkənin 359 təmsilçisi çıxış edəcək. Ən az idmançı isə Monakoya məxsusdur - 6 nəfər. Azərbaycan isə bütün növlərdə 291 idmançı ilə təmsil olunacaq. Ən böyük medal dəsti (42) üzgüçülük, ən az medal dəsti (hərəyə 1) isə atletika və çimərlik futbolu növlərində sahibini tapacaq.

Kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" İdman və Avarçəkmə Mərkəzində, qalan növlər üzrə yarışlar isə paytaxtdakı Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, BMX Veloparkı, Bilgəh Çimərliyi, Bakı Su İdmanı Mərkəzi, Vaterpol Arenası, Basketbol Arenası, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı İdman Zalı, Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasında təşkil olunacaq. İdmançılar Atletlər Kəndində, jurnalistlər isə Media Kəndində qalacaqlar.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il ildə Avropa Olimpiya Komitəsinin İtaliyanın paytaxtı Romadakı Baş Assambleyasında çıxarılıb. Bundan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb. 

Son xəbərlər

Orphus sistemi