"Bakı-2015" İstanbulda təqdim olunacaq

"Bakı-2015" İstanbulda təqdim olunacaq Azad Rəhimov bu məqsədlə Türkiyəyə yola düşüb
Avropa Oyunları
17 Noyabr , 2014 18:07
Bakı-2015 İstanbulda təqdim olunacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində "Bakı 2015" I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə nazir Azad Rəhimov qardaş ölkəyə rəsmi səfərə yola düşüb.

İstanbulun "Çırağan" Sarayında baş tutacaq təqdimat mərasimində I Avropa Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq, yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları haqda məlumatlar veriləcək. Ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya Kəndinin hazırlığı istiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.

A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra Rio de Janeyroda gerçəkləşəcək Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını vurğulayacaq. Nazir eyni zamanda, Bakının müxtəlif illərdə bir sıra Avropa və Dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə Yay və Qış Olimpiya Oyunlarına qatıldığını, Azərbaycan yığmasının bu günə qədər iştirak etdiyi Olimpiadalarda 26, Avropa və Dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.

A.Rəhimov çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət öncə bədii gimnastika üzrə Avropa Çempionatının yüksək səviyyədə keçirildiyini, növbəti, 2016-cı ildə ölkəmizdə "Formula-1" "Qran Pri"si, şahmat üzrə Dünya Çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq.

Son xəbərlər

Orphus sistemi