​Azərbaycanı "Bakı 2015"də təmsil edəcək triatlonçular məlum olub

​Azərbaycanı "Bakı 2015"də təmsil edəcək triatlonçular məlum olub "Bakıya Avropanın ən güclü idmançıları gələcək"
Avropa Oyunları
4 İyun , 2015 14:05
​Azərbaycanı Bakı 2015də təmsil edəcək triatlonçular məlum olub

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, A.Məhərrəmov Oyunların proqramındakı triatlon növündə Azərbaycanı şərəflə təmsil edəcəklərini bildirib.

Federasiya prezidenti "Bakı 2015"də 3 idmançı ilə təmsil olunacaqlarını açıqlayıb. A.Məhərrəmov aparıcı idmançı qismində Beynəlxalq Triatlon Federasiyasının reytinq siyahısında Rastislav Pevtsovun da yer aldığını vurğulayıb. Onun sözlərinə görə, Kseniya Lifkovskaya da beynəlxalq turnirlərdə yüksək nəticələr göstərib. Daha bir idmançı - Aleksandr Yatsenko da müəyyən nailiyyətlərə imza atıb. A.Məhərrəmov irəliləyişlərə cəmi bir il ərzində nail olduqlarını vurğulayıb.

ATF rəhbəri məşqçilər dəvət etmələrindən və müxtəlif yaş qrupları üzrə komandalar formalaşdırmalarından da danışıb. Azərbaycanda triatlonun tarixinin və ənənələrinin olmadığını deyən federasiya rəhbəri işlərə sıfırdan başladıqlarını bildirib. O, hazırkı heyətlə Avropa Oyunlarında uğur qazanmağın elə də asan olmayacağını söyləyib: "Bakıya Avropanın ən güclü idmançıları gələcək. Onlarla başabaş mübarizə aparmaq çox çətin olacaq. Legioner cəlb etməklə Amerika kəşf etmir, yeni bir şey icad etmirik. Dəvət olunmuş insanlar olmasa, birgə təlim-məşq toplanışları olmasa, bu nailiyyətlərimiz də olmazdı. Amma gənclərdən ibarət komanda da formalaşdırırıq ki, onlar gələcəkdə ölkəmizi layiqincə təmsil etsinlər".

A.Məhərrəmovun sözlərinə görə, "Bakı 2015"in start götürəcəyi günün ertəsi - iyunun 13-də qadınlar, növbəti gün kişilər mübarizəyə başlayacaq ki, bu da federasiyanın məsuliyyətini artırır. O, triatlonun su mərhələsinin Xəzər dənizində keçirilməsinin müəyyən çətinliklər yaradacağını da əlavə edib. Federasiya rəhbəri külək və isti havanın müəyyən təsirlər göstərəcəyini əlavə edib.

A.Məhərrəmov triatlon növündəki qaçış, üzgüçülük və velosiped növləri üzrə müvafiq federasiyalarla sıx əlaqədə olduqlarını, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə müxtəlif ölkələrdə təlim-məşq toplanışları və yarışlarda iştirak etdiklərini əlavə edib.

Son xəbərlər

Orphus sistemi