​Azad Rəhimov: "Fevral-mart aylarında sınaq yarışlarını keçirməyimiz üçün bütün qurğular hazır olmalıdır"

​Azad Rəhimov: "Fevral-mart aylarında sınaq yarışlarını keçirməyimiz üçün bütün qurğular hazır olmalıdır" "Yeni İl öncəsi Prezident İlham Əliyev Olimpiya stadionuna baxış keçirərkən arena 93 faiz hazır idi"
Avropa Oyunları
15 Yanvar , 2015 16:08
​Azad Rəhimov: Fevral-mart aylarında sınaq yarışlarını keçirməyimiz üçün bütün qurğular hazır olmalıdır

Bakı. 15 yanvar. REPORT.AZ/ "Hazırda Avropa Oyunları üçün nəzərdə tutulan bütün idman qurğularında işlər cədvəl üzrə gedir". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Yeni İl öncəsi Prezident İlham Əliyev Olimpiya stadionuna baxış keçirərkən arena 93 faiz hazır idi. Hazırda həmin stadionda skayboks, oturacaqlar tam qurulub. Eyni zamanda müvəqqəti qurğular tikilməkdədir. Su-hovuz kompleksində tamamlanma işləri gedir. Nazir oyunlara hazırlığın tamamlanması üçün heç bir çətinliyin olmadığını söyləyib: "Fevral-mart aylarında sınaq yarışlarını keçirməyimiz üçün bütün qurğular hazır olmalıdır".

Onun sözlərinə görə, sınaq yarışları yalnız Olimpiya sadionunda olmayacaq: "Yalnız açılış və bağlanış üçün məşqlər keçiriləcək. Hələlik orada xüsusi çadırlarda məşqlər aparılır. Stadion hazır olduqdan sonra məşqlər əsas arenaya keçiriləcək".

A.Rəhimov "Bakı-2015"in yeni rəsmi tərəfdaşı "Coca Cola" ilə bağlı fikirlərini də bildirib. O bu şirkətin dəstəyinin Oyunlar barədə məlumatlılığın artırılmasına kömək edəcəyini söyləyib: "Bu gün bizim üçün çox vacibdir. Bu il çox ağır və məsuliyyətli olacaq. "Bakı-2015" çox qürurlu il olacaq. Proqrama elçilər və "Alov mühafizəçiləri" kimi tanınacaq könüllülər cəlb edəcəyik. Artıq könüllülük proqramına qoşulmaq üçün 16 mindən çox ərizə daxil olub".

Daha sonra "Coca Cola"nın Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə prezidenti Qalya Frayman əməkdaşlıq haqda danışıb. "Rəsmi sponsorluq bizim üçün böyük şərəfdir. 1928-ci ildən olimpiadaya dəstək verən şirkətik. Uzun illərdir davam edən təcrübə bizi digərlərindən fərqləndirir. Bu əməkdaşlıqla bir irs yaratmağa çalışacağıq. Topladığımız təcrübəni gələcək fəaliyyətimizdə bölüşəcəyik", - o deyib.

"Bakı-2015"in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə "Coca Cola"nın təcrübəsinin Avropa Oyunları baxımından vacib məsələ olduğunu vurğulayıb. O, Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsini xatırladaraq, bunun hər kəs üçün tarixi hadisə olacağını deyib: "Dünyanın hər bir qitəsində Avropa Oyunlarını izləyəcəklər. Əməliyyat Komitəsində 1255 nəfər çalışır. Onların 68 faizi azərbaycanlıdır".

Son xəbərlər

Orphus sistemi