​Avropa Velosipedçilər Birliyinin illik konqresində "Bakı 2015"in təqdimatı olub

​Avropa Velosipedçilər Birliyinin illik konqresində "Bakı 2015"in təqdimatı olub Konqres iştirakçıları I Avropa Oyunlarını izləməyə dəvət edilib
Avropa Oyunları
11 Mart , 2015 17:53
​Avropa Velosipedçilər Birliyinin illik konqresində Bakı 2015in təqdimatı olub

Bakı. 11 mart. REPORT.AZ/ Slovakiyanın paytaxtı Bratislavada Avropa Velosipedçilər Birliyinin (UEC) illik konqresi keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən məluamata görə, tədbirdə federasiyanın vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.

Avropa ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin qatıldığı konqresi açıq elan edən UEC-in prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson da öz çıxışında Beynəlxalq Velosipedçilər İttifaqının Oyunlarda iştirakına xüsusi önəm verdiyini vurğulayaraq. O, Azərbaycanın "Bakı 2015"ə hazırlıq işlərini yüksək qiymətləndirib.

AVİF-in vitse-prezidenti Sahib Ələkbərov və Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petsas konqresdə geniş təqdimatla çıxış ediblər. Azərbaycanın I Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra S. Ələkbərov qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Vitse-prezident ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında "Bakı 2015"in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssislərin durmadan çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırıb. O, Ümumdünya və Avropa Velosipedçilər Birliyinin rəhbərlərinə Oyunların təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, konqres iştirakçılarını bu möhtəşəm oyunları izləməyə dəvət edib.

Qeyd edək ki, "Bakı 2015"in proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.

Son xəbərlər

Orphus sistemi