​İngiltərə AVRO-2016 üçün Fransaya polis göndərir

​İngiltərə AVRO-2016 üçün Fransaya polis göndərir Polislər oyunun keçiriləcəyi Lans şəhərində asayişin qorunmasında iştirak edəcəklər
Futbol
15 İyun , 2016 16:11
​İngiltərə AVRO-2016 üçün Fransaya polis göndərir

Bakı. 15 iyun. REPORT.AZ/ Avropa çempionatında iştirak edən İngiltərə Uelslə oyun ərəfəsində Fransaya əlavə polis qüvvəsi göndərəcək.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bununla bağlı İngiltərə hökuməti qərar qəbul edib.

İngilis azarkeşlərin Fransada qarşıdurmalarda iştirak etdiyi üçün UEFA tərəfindən milli komandanın qitə turnirindən uzaqlaşdırılma təhlükəsinə diqqət çəkən hökumət, hər hansı insidentin baş verməməsi üçün Uelslə oyun ərəfəsində İngiltərənin bir qrup polisinin Lansa göndəriləcəyini açıqlayıb.

Oyunun keçiriləcəyi ərazidə iş başında olacaq polislərin sayı açıqlanmır. İngiltərə Xarici İşlər Nazirliyindən bildirilib ki, lazım gəldiyi təqdirdə ölkənin Fransadakı səfirliyinin əməkdaşları da polisə kömək edə bilərlər. XİN oyuna stadionda baxmaq üçün bileti olmayan İngiltərə vətəndaşlarını həmin gün matçın keçiriləcəyi Lans şəhərinə getməməyə çağırıb.

Fransa rəsmiləri spirtli içki satan mağazaların iyunun 17-dək işləməməsinə qərar verib və 300-dən çox barın bu gün və sabah gündüz saatlarından bağlanmasını istəyib.

Qeyd edək ki, Rusiya və İngiltərədən olan azarkeşlər arasında yaşanan kütləvi davadan sonra 35 nəfər yaralanıb. Hadisələrdə 20 azarkeş polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi