​Uyğunluq sertifikatlarının dövlət reyestri ictimaiyyətə açıq şəkildə təqdim olunub

​Uyğunluq sertifikatlarının dövlət reyestri ictimaiyyətə açıq şəkildə təqdim olunub Məqsəd bu sahədə şəffaflığı və açıqlığı təmin etmək, əsassız fikir və mülahizələrin qarşısını almaqdır
ASK
15 İyul , 2015 19:59
​Uyğunluq sertifikatlarının dövlət reyestri ictimaiyyətə açıq şəkildə təqdim olunub

Bakı. 15 iyul. REPORT.AZ/ Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin edilməsi, komitə və kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə uyğunluq sertifikatlarının dövlət reyestrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına başlanılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, ”Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarının mal, məhsul və xidmətlərə verdiyi uyğunluq sertifikatları haqqında ətraflı məlumatlar bu reyestrdə öz əksini tapıb. Komitənin saytı vasitəsilə onlayn şəkildə ictimaiyyətə təqdim olunan reyestrdə uyğunluq sertifikatını verən orqanın adı, sertifikat sahibinin adı, ünvanı, əlaqə telefonu, mal, məhsul və ya xidmətin adı, sertifikatın qüvvədə olma müddəti, sertifikatın verilməsi üçün əsas olan normativ sənədin adı və s. məlumatlar əks olunub.

Uyğunluğun qiymətləndirilməsi sahəsində dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin akkreditasiya olunmuş sertifkatlaşdırma orqanları tərəfindən verilmiş sertifikatların reyestrini ictimaiyyətə təqdim etməkdə məqsədi bu sahədə şəffaflığı və açıqlığı təmin etmək, əsassız fikir və mülahizələrin qarşısını almaq, istehlakçıların daha çevik məlumat almaq hüquqlarını təmin etmək, onlara mal, məhsul və xidmət seçimində köməklik etməkdir.

Son xəbərlər

Orphus sistemi