Bakı. 6 may. REPORT.AZ/ Bu gün Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova 5 may 2015-ci il tarixli 27/S-03 saylı sərəncamına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, 6 may 2015-ci il tarixli 27/S-04 saylı yeni sərəncamına görə, Türkiyənin daha üç bölgəsində İnebol, Karaböyük və Kastamoni bölgələrində quş qripinin yayılması ilə əlaqədar diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyə Respublikasının müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Kastamoni) sayı 12-yə çatıb.