Şəmkirdə Azərbaycanın ilk aqropark layihəsinin təqdimatı keçirilib

Şəmkirdə Azərbaycanın ilk aqropark layihəsinin təqdimatı keçirilib Tədbirdə aqroparkda yaradılacaq müəssisələr xarici şirkətlər arasında ilkin anlaşma memorandumları imzalanıb
ASK
16 Yanvar , 2015 17:03
Şəmkirdə Azərbaycanın ilk aqropark layihəsinin təqdimatı keçirilib

Bakı.16 yanvar. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə aqropark layihəsinin təqdimatına dair forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd "Şəmkir Aqropark"ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirəsi olub.

"Şəmkir Aqropark" MMC-nin direktoru Zəfər Novruzov layihə barədə forum iştirakçılarına məlumat verib. Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 ha ərazidə yaradılmasına başlanılan aqroparkda müasir istixana kompleksləri, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, "yaşıl market" və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkın yaradılması regionda fəaliyyət göstərən fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, müasir texnologiyaların tətbiq olunmasına, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq, nəticədə yüksək məhsuldarlığın və mənfəətliyin təmin edilməsi stimullaşdırılacaq. Aqroparkda yaradılacaq təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişlənməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişlənməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. İcraçı direktor bildirib ki, aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti, bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.

Qeyd edək ki, forum çərçivəsində aqroparkda yaradılacaq müəssisələrlə - logistika mərkəzinin soyutma sistemlərinin quraşdırılması, qablaşdırma və çeşidləmə müəssisələri ilə İtaliyanın "Unitec" və "Isolcell", Fransanın "MAF RODA" və Türkiyənin "Beta" şirkətləri arasında ilkin anlaşma memorandumları imzalanıb.

Son xəbərlər

Orphus sistemi