Şəmkirdə 12 ton kartof məhv edilib

Şəmkirdə 12 ton kartof məhv edilib Rayonun Düyərli kəndində əkin sahələrinə baxış keçirilib
ASK
24 Sentyabr , 2016 16:29
Şəmkirdə 12 ton kartof məhv edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Gəncə rayonlararası Bitkilərin Karantini Məntəqəsi Şəmkir rayonun Düyərli kəndində əkin sahələrinə baxış keçirib.

Bu barədə "Report"a DFNX-dən bildirilib. 

Məlumata görə, kənd sakini Vahid Müseyib oğlu Əsgərova məxsus kartof əkini sahəsində karantin tətbiq edilən zərərli orqanizmlərdən olan kartof güvəsi və çoxsaylı bitki xəstəlikləri ilə yoluxmuş 12 ton miqdarında kartof məhsulu aşkar edilib. Kartof güvəsinin təhlükəliliyi və məhsulun əmtəə keyfiyyətinin pisləşməsi nəzərə alınaraq məhsul karantin tətbirləri sisteminə riayət etməklə məhv edilib.

DFNX artıq üç ildir Azərbaycan ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun hazırlanan geniş miqyaslı təcrid və ləğvedici tədbirlər həyata keçirir. Kartof güvəsi ilə təkrar sirayətlənmənin qarşısının alınması üçün zərər vericinin aşkar edilən yeni mənbələri dərhal fitosanitar qaydalara uyğun şəkildə məhv edilir.

Sirayətlənmiş bitki və bitkiçilik məhsullarının sahədə saxlanılması fitosanitar sabitliyin pozulmasına səbəb olur. Fermerlərdən karantin tətbiq edilən və növ mənsubiyyətlərini dəqiq bilmədikləri zərərli orqanizmlərlə sirayətlənmiş məhsullar müşahidə edildikdə dərhal Dövlət Xidmətinin qaynar xəttinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, kartof əsasən ölkənin dağlıq və dağətəyi zonalarda, Gədəbəy, Daşkəsən, Göygöl, Tovuz, Şəmkir, Lerik və digər rayonlarında yetişdirilir. Məhsul istehsalının artırılmasında yeni sortların və intensiv texnologiyaların tətbiqi ilə yanaşı, vegetasiya müddətində və istehsal olunan məhsulun saxlanma yerlərində kartof məhsulunun zərərli orqanizmlərdən mühafizəsi ciddi əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi