Bakı. 28 yanvar. REPORT.AZ/ "Avropa İttifaqının bazarı böyükdür və Azərbaycanın kənd təsərrüfatı məhsullarını orada görmək bizi sevindirəcək". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bildirib.
M.Mard deyib ki, Avropa İttifaqı Azərbaycanla ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq edir: "Məhz bu sahə həlledici sferalardan biridir və Azərbaycanla da ərzaq təhlükəsizliyi sahəsində işləməyə başlamışıq".
"Bilirsiniz ki, Avropa İttifaqının ərzaq təhlükəsizliyi ilə bağlı qaydaları çox ciddidir. Lakin əminəm ki, Azərbaycanda gördüyümüz inkişafı nəzərə alaraq, yerli məhsulların tələblərimizi qarşılayacağını düşünürük", - deyə M.Mard qeyd edib.