“Qarabağ Taxıl” Azərbaycanın idxaldan asılılığını azaldır

“Qarabağ Taxıl” Azərbaycanın idxaldan asılılığını azaldır Baxımsız torpaqlarda infrastruktur yenidən qurulub
ASK
23 Sentyabr , 2016 12:41
“Qarabağ Taxıl” Azərbaycanın idxaldan asılılığını azaldır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda ilk özəl pilot taxılçılıq təsərrüfatını yaradan “Qarabağ Taxıl” MMC media nümayəndələrinə hesabat verib. 

“Report” xəbər verir ki, jurnalistlər üçün Beyləqana press-tur təşkil edən şirkət onları təsərrüfatla əyani tanış edib. 

Əvvəlcə KİV təmsilçiləri “Qarabağ Taxıl”ın daxil olduğu “Səba” şirkətlər qrupu haqqında filmi izləyiblər. 

Daha sonra “Qarabağ Taxıl”ın keçmiş icraçı direktoru, hazırda isə şirkətin törəmə müəssisəsi olan “Qarabağ Toxum” MMC-nin rəhbəri Rəcəb Orucov hesabatı təqdim edib. O, bildirib ki, 2012-ci ildə dövlət başçısının Dövlət Torpaq Fondu hesabına iri taxılçılıq təsərrüfatları yaratmaq barədə tapşırığına əsasən təsis edilən, Ağcabədi və Beyləqan rayonlarında 4800 ha sahəni əhatə edən bu təsərrüfat ölkədə ilk özəl taxılçılıq təsərrüfatıdır: “Biz çox şadıq ki, öz məhsuldar fəaliyyətimizlə iri taxılçılıq təsərrüfatları yaratmağın mümkün olduğunu nümayiş etdirdik”.

R.Orucov qeyd edib ki, dövlətin dəstəyi ilə uzun müddət baxımsız qalan torpaqlarda infrastruktur yenidən qurulub: “Bu dəstək sayəsində yenidən qurulan - yol, su kanalı, elektrik xətlərinin çəkilməsi bizi daha da ruhlandırdı. Nəticədə dünya standartlarına uyğun bu təsərrüfat quruldu. Bu təsərrüfatda 64 ədəd müasir suvarma sistemi - pivot quraşdırılıb, 5 nasosxana tikilib, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu alınıb”.

MMC rəhbərinin sözlərinə görə, ötən dövrdə təsərrüfata dəyəri 4,2 milyon dollardan artıq olan  20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb: “Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikalarının seçimində, istər toxum alınmasında, istərsə də gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edib. Böyük riskə girərək, pivotların qurulması ilə ilk əkinimizi parallel apardıq və əziyyətimiz yerdə qalmadı. 2012-ci ilin payızında əkdiyimiz taxıl 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq, hektara 55,6 sentner nümayiş etdirdi. Təsərrüfat fəaliyyətə başladığı müddətin artıq üçüncü ilindən mənfəətə keçib”.

R.Orucov “Qarabağ Taxıl”ın öz istehsalı ilə Azərbaycanda idxal dövriyyəsini dəyişdirdiyini deyib. Onun sözlərinə görə, ötən il təsərrüfat ümumi dəyəri 11 milyon manatdan artıq olan 60,5 min ton məhsul istehsal edib: “Bu istehsalda 26 min ton artıq qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan artıq buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya məhsulunun payı var. Bu il isə məhsuldarlıq proqnozu 26 min ton qarğıdalı, 600 tondan artıq buğda, 700 tona yaxın arpadır. Soya da daxil olmaqla, 33 min tona yaxın məhsul 13 milyon manatadək vəsaitin ölkədə qalmasına xidmət edəcək. 2015-ci ildə yaradılan “Qarabağ Toxum” da artıq məhsuldarlığa öz töhfəsini verir. Bu il 6 min ton taxıl, 2 min ton saman və 30 min tondan artıq silosluq qarğıdalı əldə ediləcək”.

R.Orucov onu da əlavə edib ki, növbəli əkin dövriyyəsi ilə fəaliyyət göstərən “Qarabağ Taxıl” qiymətli strateji bitki olan soyanı Azərbaycanda geniş sahədə becərməklə bir ilkə imza atıb: “2013-cü ildə 1 hektar, 2014-cü ildə 50 hektar, 2015-də 500 hektar sahədə soya becərməklə eksperiment aparan “Qarabağ Taxıl” bu ildə 1600 hektar sahədə soya becərib. Təsərrüfat 5 min ton məhsul gözləyir ki, bunun da bazar dəyəri 5 milyon manata qədərdir”.

Jurnalistlərə soya bitkisi haqqında geniş məlumat verən təsərrüfat rəhbəri quşçuluq və heyvandarlıq sahələrinin əsas yemi olan bu bitkini Azərbaycanda becərməklə, ölkəni idxaldan azad etmənin tamamilə mümkün olduğunu vurğulayıb: “Azərbaycanda torpağın münbitliyi və bol günəşli iqlimə malik olması buna tam imkan verir. “Qarabağ Taxıl”ın builki məhsuldarlığı dünyada mövcud olan yüksək məhsuldarlığa yaxındır”.

Daha sonra media nümayəndələri qarğıdalı tarlasında biçin prosesini izləyib, Azərbaycanda ilk dəfə olaraq belə geniş becərilən qiymətli soya bitkisi ilə əyani tanış olublar. Eyni zamanda jurnalistlər təsərrüfatın texnoparkındakı texnika, pivot və nasosxanalara da baxış keçiriblər.

Son xəbərlər

Orphus sistemi