​Prezident: "Yaxın Şərqdə böyük əksəriyyət kimin tərəfində vuruşduğunu anlamır"

​Prezident: "Yaxın Şərqdə böyük əksəriyyət kimin tərəfində vuruşduğunu anlamır" "Şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq"
ASK
18 Fevral , 2016 03:06
​Prezident: Yaxın Şərqdə böyük əksəriyyət kimin tərəfində vuruşduğunu anlamır

Bakı. 18 fevral. REPORT.AZ/ "Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev onların qardaş qanı axıtdıqlarını bildirib:

"Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz".

Prezidentin sözlərinə görə, Azərbaycan dünya miqyasında o qədər böyük ölkə olmasa da, onun sözünün böyük mənası və çəkisi var.

"Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu, əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu siyasəti tam dəstəkləyir", - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı Azərbaycanın öz yolu ilə gedəcəyini bildirib:

"Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir. Biz multikulturalizmlə bağlı əlavə tədbirlər də görəcəyik. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə?".

Son xəbərlər

Orphus sistemi