Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərinin dəmiryolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Dağıstanın baş naziri ilə görüş zamanı yükdaşımalarda yaranmış problemləri müzakirə edib.
Qeyd edilir ki, Azərbaycan nümayəndə heyəti Dərbənd dəmiryolu deposunda saxlanılan yüklərə baxış keçirib. Depoda saxlanılan 180 vaqonun 120-dən kənd təsərrüfatı məhsulları artıq yükdaşıyan maşınlara yüklənərək Rusiyanın müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.