Nazir müavini: "Azərbaycan regionda gübrədən ən az istifadə edən ölkədir" - YENİLƏNİB

Nazir müavini: "Azərbaycan regionda gübrədən ən az istifadə edən ölkədir" - YENİLƏNİB Bakıda "Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: kənd təsərrüfatına dəstək" adlı tədbir keçirilib
ASK
26 Noyabr , 2015 16:39
Nazir müavini: Azərbaycan regionda gübrədən ən az istifadə edən ölkədir - YENİLƏNİB

İlk xəbər saat 15:11-də verilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birgə təşkil etdiyi "Azərbaycan kənd təsərrüfatı maliyyə aləti" (AZAFF) adlı layihəsi çərçivəsində "Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: kənd təsərrüfatına dəstək" adlı tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Frankfurt məktəbinin nümayəndəsi Erdal Kocaoğlu açıb. 

Daha sonra isə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edib. O, son zamanlar Azərbaycanda bu sahədə görülən işlərdən danışıb: "Kənd təsərrüfatı texnikasına marağın çox olması səbəbindən məcbur olduq ki, növbəli sistemə keçək. Həmçinin, mineral gübrələrlə təminatı 70%-ə, məbləği isə 50 manatdan 80 manata çatdırılmasına nail olduq". 

"Aİ-nin araşdırmasına görə, Azərbaycan regionda gübrədən ən az istifadə edən ölkədir. Bizdə təxminən hər hektara 7-10 kq gübrə düşür. Amma bu, Gürcüstan, Özbəkistan və başqa ölkələrdə ən azı 4 dəfə çoxdur", - nazir müavini vurğulayıb.

*** (16:39)

Tədbirdə iştirak edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın kənd təsərrüfatına texniki yardım göstərilib və bunun ümumi məbləği 40 mln. avro təşkil edir: "Mən bilirəm ki, Azərbaycan hökuməti kənd təsərrüfatı sahəsinin inkişafında maraqlıdır. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, hətta dövlət başçısının bu sahədə gördüyü işlərlə yaxından tanışıq. Hazırda daha çox elektron kənd təsərrüfatının inkişafında maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi