Bakı. 24 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir. Belə ki, avqustun 23-də DBNX-nin Masallı rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyi Masallı rayon Polis Şöbəsinin əməkdaşları məlumat əsasında birgə reyd keçiriblər.
DBNX-dan "Report"a daxil olan məlumata görə, reyd zamanı Masallı rayon Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44-BR-280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilin arxa oturacağında və yük yeridə 400 kq-a yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli qoxusu olan heyvan cəmdəyi aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi müəyyən edilib. R.Səmədov heyvanların ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib. Aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib.
Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən, cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq R.Səmədovun idarə etdiyi 44-BR-280 dövlət nömrə nişanlı avtomobildə aşkarlanmış heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Masallı rayonu ərazisində olan məişət tullantıları poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.