Lahıca kütləvi şəkildə daraşan böcəklərin yayılma səbəbi tapılmayıb

Lahıca kütləvi şəkildə daraşan böcəklərin yayılma səbəbi tapılmayıb Dövlət Fitosanitar Nəzarət Xidməti bölgədə ətraflı araşdırmaların aparılmalı olduğunu bildirir
ASK
6 Oktyabr , 2016 11:49
Lahıca kütləvi şəkildə daraşan böcəklərin yayılma səbəbi tapılmayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Son günlər İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi şəkildə müşahidə olunan həşəratlar Karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür. 

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti Karantin Ekspertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bildirib. 

"Bu böcəyin 3,5-6 mm, bədənin döş və qarıncıq hissələri qırmızımtıl-qəhvəyi, baş hissəsi isə qara rənglidir. Onlara otluqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxtlarda aktiv fəaliyyəti yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanır. Təbiətdə həşaratlar arasında az rast gəlinən qışı fəal keçirmək qabiliyətinə malikdir”, - deyə o, əlavə edib.

T. Şəmiyev qeyd edib ki, bu növ böcəyin biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən quyruqayaqlılar kimi kiçik həşaratlarla qidalanırlar. Yəni kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyillər və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi