İsmayıllıda at əti satmaq istəyən şəxs saxlanılıb

İsmayıllıda at əti satmaq istəyən şəxs saxlanılıb Rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kq-lıq at satışına cəhd olub
ASK
5 Sentyabr , 2016 20:54
İsmayıllıda at əti satmaq istəyən şəxs saxlanılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir. 

DBNX-dən "Report"a daxil olan məlumata görə, qurumun İsmayıllı rayon Baytarlıq İdarəsinin və İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib. Reyd nəticəsində İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə, qanunsuz olaraq rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kq miqdarında olan 3 baş atı kəsib tədarük edərkən saxlanılıb.

Araşdırma zamanı heyvan ətinin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi, sağlamlığına dair heç bir müşayiətedici baytarlıq arayışı olmadığı, ətlərin xarici görünüşündən onların yeni kəsildiyi, dərisi, baş-ayaqları, içalatı ətlərdən ayrılaraq ətrafa səpələnməsi və kəsimin antisanitar şəraitdə aparılması müəyyən edilib.

Aşkarlanmış heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi