Heydər Əsədov: "2014-cü il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə artım 48,9 faiz olub"

Heydər Əsədov: "2014-cü il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə artım 48,9 faiz olub" Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib
ASK
28 Yanvar , 2015 08:16
Heydər Əsədov: 2014-cü il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə artım 48,9 faiz olub

BAKI. 28 yanvar. REPORT.AZ/ Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib.

Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənib, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırıb.

Nazir qeyd edib ki, hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib.

Heydər Əsədov bildirib ki, hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olub, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalıb. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir.

Nazirin sözlərinə görə, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olub, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

Nazir çıxışı zamanı həmçinin aşağıdakı problemlərin həllinə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib:

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı.

Son xəbərlər

Orphus sistemi