Fermerlər suvarma sistemləri dəsti və avadanlığını 40 faiz güzəştlə alacaqlar

Fermerlər suvarma sistemləri dəsti və avadanlığını 40 faiz güzəştlə alacaqlar Prezident İlham Əliyev sərəncam imzalayıb
ASK
16 Aprel , 2015 18:43
Fermerlər suvarma sistemləri dəsti və avadanlığını 40 faiz güzəştlə alacaqlar

Bakı. 16 aprel. REPORT.AZ/Azərbaycan Prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.

Dövlət başçısı müasir suvarma sisteminin inkişafına dəstək məqsədilə qərara alıb ki, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.

Nazirlər Kabinetinə iki ay müddətində suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etməsi və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi