FAO: "Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var"

FAO: "Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var" Bunu qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib
ASK
27 Sentyabr , 2016 15:30
FAO: Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində “Fitosanitar müfəttişlərinin bitki mənşəli məhsulların ixracının sertifikatlaşdırılması üzrə təlimi” mövzusunda seminar öz işinə başlayıb.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilib. 

Məlumata görə, Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi üçün KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir. 

DFNX-nin rəisi Camal Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ərzaq təhlükəsizliyinin və bitki mənşəli məhsulların ixracının təmin edilməsində fitosanitar nəzarətinin rolu, dövlət xidmətində həyata keçirilən struktur dəyişiklikləri və gələcək planlar haqqında ətraflı məlumat verib. Daha sonra FAO-nun Azərbaycandakı Nümayəndəsi Mələk Çakmak çıxış edərək FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və onların əhəmiyyəti, hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyacın olmasını bildirib. Layihənin rəhbəri, beynəlxalq ekspert Ringolds Arnitis öz çıxışında cari səfərin məqsədləri haqqında məlumat verərək, karantin nəzarətində olan məhsulların ixracı üçün fitosanitar nəzarəti sahəsində çalışan Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəxəssislərinin peşə hazırlığının artırılması, ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Üç gün davam edəcək seminar ərzində iştirakçılara ixrac olunan bitkiçilik məhsullarının fitosanitar sertifikatlaşdırılması üzrə mövcud qabaqcıl təcrübələrə dair nəzəri biliklərlə yanaşı, Xaçmaz rayonunda yük partiyasına fitosanitar baxışın keçirilməsi, nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsi, fitosanitar sertifikatların hazırlanması kimi məsələlərə dair praktiki təlimlər də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi