​Dövlət Fitosanitar Nəzarəti Xidməti əhaliyə müraciət edib

​Dövlət Fitosanitar Nəzarəti Xidməti əhaliyə müraciət edib Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə hallarının xidmətə xəbər verilməsi xahiş olunur
ASK
15 İyul , 2015 12:54
​Dövlət Fitosanitar Nəzarəti Xidməti əhaliyə müraciət edib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu həftədən etibarən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndləri və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilib.

Dövlət Xidmətinin rəisi Camal Quliyev "Report"a bildirib ki, iyulun 11-dən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb və artıq 100 hektardan artıq ərazidə bu tədbirlər həyata keçirilib. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.

Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahil zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunurlar. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq, belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır.

Məsələnin aktuallığı nəzərə alınaraq yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olardı. Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə olunarsa, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Qaynar Xəttinə və yaxud 562 87 44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi