DFNX: Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır

DFNX: Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır "İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur"
ASK
19 Yanvar , 2016 19:57
DFNX: Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bu gün KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığı, eyni zamanda başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlar yer alıb".

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yaydığı məlumatda qeyd olunub. 

Dövlət Fitosanitar Nəzarəti Xidməti yayılan bu məlumatların əsassız olduğunu bildirir: "Belə ki, Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır. 2015-ci ildə Azərbaycana 120 799 ton kartof məhsulu idxal olunub ki, bunun da 119 857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur. Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları (Radomişlskiy, Ukrainskıy rozovıy, Nevski, Meçta, İdeal, Temp Laymdota, Filea, Solara, Nora, Aqriya, Lanra, Marabel, Mono Liza, Spinta, Arinda, İmpala və s.) gətirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartof sortlarının idxalı ilə əlaqədar heç bir müraciət daxil olmayıb. İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur.

İdxal olunan kartofda insan sağlamlığı üçün təhlükəli maddələrin - nitrat və nitridlərin, pestisidlərin, bəzi hallarda isə ağır metalların miqdarı yoxlanılır. Ölkəyə daxil olan hər yük partiyasından nümunələr analiz üçün Dövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinə gətirilir və müvafiq laboratoriyalarda analizlər aparılır. 2015-ci ildə idxal olunan kartof məhsullarında nitrat və nitritlərin miqdarı yol verilən həddən aşağı olub, pestisidlər və ağır metallarla bağlı təhlükəli hallar qeydə alınmayıb".

Məlumatda bildirilir ki, cari ildə müfəttişlər tərəfindən istehlak bazarında həyata keçirilən baxış zamanı 948 kq kartof məhsulunun göstəriciləri standartlarına uyğun gəlmədiyi üçün məhv edilərək dövriyyədən çıxarılıb: 

"4-cü, 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki,Azərbaycana son zamanlar, ancaq birinci, ikinci və üçüncü siniflərə aid olan yumşaq və bərk buğda gətirilir. Dördüncü və beşinci (qeyri-ərzaq məqsədilə) siniflərə aid buğdanın ölkəyə idxalı ilə bağlı Dövlət Xidmətinə müraciət olunmayıb.

İdxal olunan ərzaqlıq buğdanın hər yük partiyasınınkeyfiyyət göstəricilərinəDövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında analizlər aparmaqla, nəzarət edilir. Ötən il ərzində pestisidlərin qalıq miqdarının, ağır metalların və mikotoksinlərin müəyyən edilməsi üçün buğda məhsulu nümunələri üzərində aparılan analizlər zamanı keyfiyyətlə bağlı narahatlıq doğuran hallar qeydə alınmayıb.

Eyni zamanda, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında idxal edilən buğda məhsulları karantin nöqteyi-nəzərindən ekspertiza edilib. Ekspertiza zamanı karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilər aşkar edildiyi üçün, 8 945 ton buğda və 5 938 ton arpa məhsulu beynəlxalq standartlara uyğun şəkildə fumiqasiya edilərək, zərərsizləşdirilib.

İdxal edilmiş buğda və un məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 2015-ci ildə 71 halda zərərli orqanizmlər aşkar edilib və müvafiq fitosanitar tədbirlər həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi