BƏƏ Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır

BƏƏ Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır BƏƏ-nin nümayəndə heyəti Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinə səfər edəcək
ASK
10 May , 2016 15:55
BƏƏ Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır

Bakı. 10 may. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatası Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Omar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşün məqsədi Azərbaycanın Yaxın Şərq və Şimali Afrika regionuna kənd təsərrüfatı məhsullarının ixrac potensialı mövzusunda müzakirələrin aparılması olub.

İ.Quliyev son dövrlərdə ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycanın aqrar sahədə ixrac potensialı yüksəkdir və ölkədə istehsal olunan tərəvəz məhsulları Rusiya bazarında brend kimi tanınır və ixrac olunan məhsullara bu bazarda tələbat var. Onun sözlərinə görə, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirilir və son aylarda tərəvəz məhsullarının ixracı bir neçə dəfə artıb.

İ.Quliyev BƏƏ ilə ticarət əlaqələrinin genişlənməsinin hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığa öz təhfəsini verəcəyinə əminliyini bildirib.

O.Xan isə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı sahəsində ixtisaslaşmış emal müəssisələrinə səfər edəcəklərini və istehsal prosesi ilə tanış olacaqlarını söyləyib. Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi