Balakəndə SOCAR prezidentinin iştirakı ilə rayonun iqtisadi durumu və sosial problemlərinin həlli müzakirə olunub - FOTO

Balakəndə SOCAR prezidentinin iştirakı ilə rayonun iqtisadi durumu və sosial problemlərinin həlli müzakirə olunub - FOTO Tədbir iştirakçıları həmçinin Balakəndə istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar
ASK
6 Fevral , 2016 17:18
Balakəndə SOCAR prezidentinin iştirakı ilə rayonun iqtisadi durumu və sosial problemlərinin həlli müzakirə olunub - FOTO

Bakı. 6 fevral. REPORT.AZ/ Balakən rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin, Prezident Administrasiyasının məsul şəxslərinin və millət vəkillərinin də qatıldığı yığıncaqda rayonun iqtisadi durumu və sosial problemlərinin həllini özündə əks etdirən maraqlı təkliflər səslənilib.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev son illər ölkədə aparılan abadlıq, quruculuq işləriylə yanaşı, yığıncaqda qaldırılan təkliflərə münasibət bildirib. Rayonda qazlaşmanın 100% başa çatdığını, elektrik təchizatının yaxşılaşdırılması istiqamətində də yaxın zamanda aidiyyəti qurumlar tərəfindən işlərin görüləcəyini, bu yaxınlarda həyata keçiriləcək yeni su-kanalizasiya layihəsi çərçivəsində isə bəzi ərazilərdə mövcud olan içməli su probleminin həll ediləcəyini diqqətə çatdırıb.

Hesabat yığıncağında çıxış edənlər hesabat ilində kənd təsərrüfatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıblar. Bildirilib ki, ötən il rayonda 12 333 ha sahədə payızlıq və yazlıq bitkilər əkilib, 463 hektar sahədən 1 144 ton taxıl məhsulu götürlüb. Ötən illə müqayisədə taxılın məhsuldarlıq göstəricisi 9,9 sentner artaraq 24,7 sentner olub. Təsərrüfatlarda 40 min ton qarğıdalı, 22,1 min ton tərəvəz, 8,2 min ton kartof, 3,2 min ton bostan, 701 ton lobya, 28 min tondan çox meyvə və digər məhsullar istehsal olunub. Hesabat ilində mal-qaranın baş sayında əvvəlki ilə nisbətən artım müşahidə olunub. Ötən il rayonda 5 013 ton ət, 20 556 ton süd, 73,5 ton yun, 9 110 min ədəd yumurta istehsal olunub. Bütövlükdə 2015-ci ildə rayonun kənd təsərrüfatından 62,2 milyon manatlıq gəlir əldə edilib. Bu da əvvəlki ilə nisbətən 2,7 milyon manat və ya 4,5% çoxdur. İstehsal olunan məhsulun 54,2% bitkiçilik, qalan 45,8% isə heyvandarlıq məhsullarının payına düşür.

Sonda rayon ictimaiyyəti nümayəndələrinin təklifləri dinlənilib. Kənd təsərrüfatı və meyvəçilik sahəsində gördükləri işlərdən söz açan fermerlər rayonun bəzi ərazilərində meyvə qurutma və qablaşdırma sexlərinin açılmasının vacibliyini qeyd ediblər. 

Tədbir iştirakçıları həmçinin Balakəndə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının sərgisi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi