Bakıda Mərakeşin milli bayramı qeyd edilib

Bakıda Mərakeşin milli bayramı qeyd edilib Diplomat Azərbaycan ilə Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib
ASK
1 Avqust , 2016 20:56
Bakıda Mərakeşin milli bayramı qeyd edilib

Bakı. 1 avqust. REPORT.AZ/ Mərakeşin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.

"Report"un verdiyi xəbərə görə, mərasimdə əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.
Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami qəbulda çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyəti illərində Mərakeşdə siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini deyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərin Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verdiyini vurğulayıb. 

Nazir əminliklə bildirib ki, ölkələrimiz arasında ənənəvi dostluğa, qarşılıqlı etimada, dəstəyə və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi