Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 49,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
"Report"un verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Şəmkirdə istehlakçıların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə deyilib.
Bu il ilk dəfə keçirilən belə tədbirdə 250-dən çox istehlakçı, aidiyyəti dövlət qurumları və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə qeyd olunub ki, ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 88 min buklet,sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.
Əlavə olunub ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.