​Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinə elektron nəzarət olacaq

​Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinə elektron nəzarət olacaq Hazırda bununla bağlı müvafiq elektron baza yaradılır
ASK
30 İyun , 2015 15:12
​Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinə elektron nəzarət olacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymətlərinə nəzarət üçün elektron informasiya bazasının yaradılması üçün hazırlıq işləri aparılır. Ümumilikdə, ölkədə elektron kənd təsərrüfatı sisteminin yaradıması prosesi gedir. "Report" xəbər verir ki, bu haqda kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, dövlət yardımının kənd təsərrüfatının modernləşdirilməsi prosesinin əsas istiqaməti hələ də yeni texnologiyaların sürətlənmiş tətbiqi və fermerlərin texnika və mineral gübrələrlə daha tam şəkildə təmin olunması qalır.

"Resurs bazasının genişləndirilməsi, xüsusən, bitkiçilikdə məhsuldarlığın yüksəlməsinə yardım etməlidir. Çünki bu sahədə son illər görülən mühüm tədbirlərə baxmayaraq, hələ ki, bütün problemlərin həllinə nail olmaq mümkün olmayıb. Xüsusilə damazlıq cinslərin payının artırılması yolu ilə heyvandarlığın məhsuldarlığının yaxşılaşdırılması layihələrinin heç də az olmayan maliyyə həcmləri və texniki yardımın göstərilməsi zəruridir. Ölkədə elit toxumların istehsalı ilə bağlı dövlət başçısı Dövlət Toxum Fondunun təsis olunmasına dair sərəncam imzalayıb. Bu strukturun fəaliyyəti ölkənin bütün regionlarını onların təbii iqlim şəraitlərinə uyğun olaraq bütün növ yüksək keyfiyyətli toxumlarla təchiz etməlidir", - deyə H.Əsədov qeyd edib.

Nazir kənd təsərrüfatı məhsullarının yeni satış mərkəzlərinin təşkilinə dair nəzərdə tutulan tədbirlər haqda məlumat verərkən əlavə edib ki, Azərbaycan Rusiyanın Moskva, Sankt-Peterburq və digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır.

“Rusiyanın müvafiq dövlət strukturları ilə fəal əməkdaşlıq qurulub. Rusiya istehlakçılarına təzə və emal edilən meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, heyvandarlıq məhsullarının geniş çeşidi də təklif olunacaq. İlk növbədə, quş əti və yumurta tədürükünü genişləndirmək nəzərdə tutulub", - deyə H.Əsədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi