Azərbaycanda iki yeni dövlət standartı təsdiqlənib

Azərbaycanda iki yeni dövlət standartı təsdiqlənib Bu, "Brendi" və "Tünd alkoqollu içkilər" standartlarıdır
ASK
19 Fevral , 2016 16:30
Azərbaycanda iki yeni dövlət standartı təsdiqlənib

Bakı. 19 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən bir neçə dövlət standartı təsdiq edilib. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

SMPDK-nin kollegiyasının qərarı ilə “Brendi” (AZS 851-2016) və "Tünd alkoqollu içkilər" (AZS 852-2016) dövlət standartları təsdiq olunub.

"Brendi" standartı brendilərə aiddir. Standarta görə, brendi şəffaf, çöküntüsüz, kənar hissəciklərsiz, açıq qızılıdan qızılı çalarlı tünd-kəhrəbaya qədər və konkret brendiyə xas olan, kənar dadsız və iysiz olmalıdır. Brendidə etil spirtinin həcm payı yol verilən kənaraçıxmalar nəzərə alınmaqla 40%-dən az olmamalıdır və invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı, yol verilən kənaraçıxmalar nəzərə alınmaqla, ən coxu 20 q/kubdesimetr olmalıdır. Habelə, brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanmalıdır. Markalanma zamanı brendinin yaşının “ulduzlar”la göstərilməsinə icazə verilir. Brendi 50 dərəcədədən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85%-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düşməyən yerdə saxlanılmalıdır.

Məlumat üçün bildirək ki, brendi - üzüm sortlarından brendi istehsalı üçün alınan, şərab materialının fraksiyalı distillasiyası (qovulması) yolu ilə hazırlanan brendi distillatlarının ən azı 3 il palıd taxtalar ilə təmasda saxlanılması ilə alınan və etil spirtinin həcm payı ən azı 40% olan şərabçılıq məhsuludur.

"Tünd alkoqollu içkilər" standartı rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir. Standarta əsasən, xarici görünüşünə görə tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır. Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəcikləri və digər əlavələr ola bilər. Orqanoleptik xüsusiyyətlərinə görə tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır. Həmçinin tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində brendi, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti isə 4 aydır.

Son xəbərlər

Orphus sistemi