​Azərbaycanda bal istehsalı azalıb

​Azərbaycanda bal istehsalı azalıb Keçən il arılar kütləvi şəkildə məhv olub
ASK
19 May , 2015 09:02
​Azərbaycanda bal istehsalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanda istehsal olunan balın miqdarı azalıb. Ölkədə 2013-cü ildə 2 456,7 ton bal istehsal olunmuşdursa, 2014-cü ildə istehsal 4% azalaraq 2 357,5 tona düşüb. Bu, ötən il ərzində arıların bir qisminin qırılması ilə bağlıdır. Bu barədə "Report"a Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 243 minə çatdırlıb. Lakin bunun hamısı eyni standrat gücə malik deyil.

"Ötən il uzun müddət quraqlıq olduğu üçün arı ailələrinin əksəriyyəti qırılıb. Arılar qida toplaya bilməyiblər və zəifləyiblər, zəif orqanizm də xəstəliklərə qarşı zəif müqavimət göstərir. Onları bərpa etmək üçün xeyli vaxt lazımdır", - deyə R. Sultanov bildirib.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilə qədər arı ailələrinin sayının 310 minə çatdırılması nəzərdə tutulub. Hazırda hər arı ailəsindən orta hesabla 8-10 kq bal alınır. Ölkə üzrə ildə orta hesabla 2 500 ton bal istehsal olunur.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, ölkədə istehsal olunan bal əhalinin tələbatını tam ödəmir və ixrac edilmir.

Xatırladaq ki, 2012-ci ildə isə ölkədə 2 387,5 ton bal istehsal olunub.

Son xəbərlər

Orphus sistemi