​Azərbaycanda 31 hektar sahədə dənli bitkilərin 1500 sort nümunəsi tədqiq edilir

​Azərbaycanda 31 hektar sahədə dənli bitkilərin 1500 sort nümunəsi tədqiq edilir Perspektiv sortlar ölkənin milli genbankına və dünya genbankına daxil edilib
ASK
30 May , 2015 17:34
​Azərbaycanda 31 hektar sahədə dənli bitkilərin 1500 sort nümunəsi tədqiq edilir

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Aqrolizinq” ASC-nin əməkdaşları, aidiyyəti elmi-tədqiqat institutlarının nümayəndələri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev taxıl istehsalının ölkənin ərzaq təhlükəsizliyində strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq, tarla bitkilərinin əkin dövriyyəsinin 60-65%-nin taxıl bitkilərinin payına düşdüyünü qeyd edib. Bildirib ki, ölkənin ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğu və becərmə texnologiyası sahəsində tədqiqat işlərinin aparılması, qlobal istiləşmənin nəticəsi kimi meydana çıxan müxtəlif stress amillərə davamlı bitki sortlarının yaradılması və istehsalçıların istifadəsinə verilməsi əsas vəzifələrdəndir. Taxıçılıqda məhsuldarlığın artırılması, toxumçuluğun inkişaf etdirilməsi ilə ölkədə taxıla olan tələbatı ödəmək olar.

Müşavirə iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasının seleksiya şöbəsində aparılan təcrübələrlə, tətbiq edilən yeni taxıl sortları və texnologiyalarla tanış olublar. Məlumat verilib ki, şöbədə arpa, bərk buğda və yumşaq buğda istiqamətlərində seleksiya işləri aparılır. 31 hektar sahədə 1500 sort nümunəsi tədqiq edilir. 415 perspektiv sort nümunələri əkilib. Perspektiv sortlar Azərbaycan milli genbankına və dünya genbankına daxil edilib. Dünyanın 110 ölkəsində işləyən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (İCARDA) bu nümunələrdən ilkin material kimi istifadə edir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov yeni texnologiyaların tətbiqi və təkrar əkinlərin əhəmiyyətindən danışıb. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün keyfiyyətli toxumdan, mütərəqqi və səmərəli becərmə texnologiyalarından istifadə etmələri, taxıl biçinindən sonra həmin sahələrə qısa vegetasiyalı qarğıdalı, günəbaxan, soya, darı bitki toxumları səpərək təkrar əkinlərin tətbiqi barədə istehsalçılara tövsiyələr verib.

İştirakçılara stansiyada aparılan seleksiya işləri barədə geniş məlumat verilib, yeni yaradılmış rayonlaşmış buğda və arpa sortlarına və toxum normasını 30-40% azaldan, suvarma suyuna 25-30% qənaət edən, kondisiyalı toxum çıxımına müsbət təsir edən resurs mühafizəedici tirəyə əkin texnologiyası tətbiq edilən sahələrə, həmçinin kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi