Azərbaycanda 10 minə yaxın müxtəlif cinsli törədici balıqlardan ilk dəfə kürü alınacaq

Azərbaycanda 10 minə yaxın müxtəlif cinsli törədici balıqlardan ilk dəfə kürü alınacaq Bu prosesə Aqrar Universitetdə start verilib
ASK
13 Aprel , 2016 15:43
Azərbaycanda 10 minə yaxın müxtəlif cinsli törədici balıqlardan ilk dəfə kürü alınacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Aqrar Universitetin (ADAU) balıqyetişdirmə laboratoriyasının hovuzlarında 10 minə yaxın adi çəki, rəngli çəki, karp, enlialın, ağ Amur balıq cinsləri yetişdirilir. Aprelin sonunda törədici balıqlardan ilk dəfə kürü alınacaq. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, qapalı və açıq sahədə balıq yetişdirmə təsərrüfatının yaradılmasında bir neçə məqsəd qarşıya qoyulub. 

Birincisi, ADAU-nun balıqçılıq ixtisasının bakalavriat və magistr pilləsində təhsil alan tələbələr laboratoriyanın fəaliyyətindən geniş istifadə edə bilirlər. Tələbələrin ixtisaslarına uyğun təsərrüfatda işə cəlb olunması onların yalnız nəzəri baxımdan deyil, həm də təcrübi olaraq peşə biliklərinə və vərdişlərinə yiyələnməsinə şərait yaradır. Bu cür tələbələr gələcəkdə nəinki güclü kadrlar kimi yetişir, həm də onlarda yeni metodlarla, innovativ üsullarla təsərrüfat qurmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq vərdişi yaranır.

Balıqyetişdirmə laboratoriyasının yaradılmasında qarşıya qoyulan digər məqsəd isə burada yetişdirilən balıqların cins və say çoxluğunu təmin etməklə, gələcəkdə ölkədə balıqçılıq sənayesinin inkişafına töhfə vermək və bu sahənin əmtəə xarakterli təsərrüfata çevrilməsinə nail olmaqdır.

Hazırda təsərrüfat sahəsində 16 hovuz tikilib və istifadəyə verilib. Hovuzlarda 10 minə yaxın adi çəki, rəngli çəki, karp, enlialın, ağ Amur balıq cinsləri yetişdirilir. Balıqların yemlənməsi, mayalandırılması, onlara nəzarət və digər texnoloji proseslər universitetin balıqçılıq sahəsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələr tərəfindən həyata keçirilir. Universitetdə yaradılan sistem əsasən qızılbalıq yetişdirilməsi üçün nəzərdə tutulsa da, yerli iqlim xüsusiyyətləri nəzərə alınaraq, hovuzlara çəki balıqları da buraxılıb.

Qeyd edək ki, bu günə qədər balıqlar cinsi yetişkənliyə çatmadıqları üçün təsərrüfat natamam hesab olunurdu. Lakin aprelin sonunda törədici balıqlardan ilk dəfə olaraq kürü alınacaq. Bununla da, toplanılan kürülərin mayalanması və yeni balıqların yetişdirilməsi ilə təsərrüfatda tam sistemli fəaliyyətə başlanacaq.

Son xəbərlər

Orphus sistemi