Azərbaycana Avstriyadan 189 baş ətlik-südlük istiqamətli mal-qara gətirilib

Azərbaycana Avstriyadan 189 baş ətlik-südlük istiqamətli mal-qara gətirilib Cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla, lizinq yolu ilə verilib
ASK
3 Dekabr , 2015 16:31
Azərbaycana Avstriyadan 189 baş ətlik-südlük istiqamətli mal-qara gətirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycana Avstriyadan yeni gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli iribuynuzlu heyvanlar Bərdə rayonunun Kolayır kəndində yaradılmış 27 ailə fermer təsərrüfatına verilib. Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri və fermerlər iştirak ediblər.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan xəbərdə bildirilir.

“Aqrolizinq”in İdarə Heyətinin sədri Elşən Məmmədov deyib ki, fermerlərin gediş-gəlişinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması məqsədilə cins heyvanlar birbaşa kəndlərdə verilir. Layihə çərçivəsində heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması üçün tədbirlər həyata keçirilib. Ailə fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilib. Cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla, lizinq yolu ilə, güzəştli şərtlərlə verilib. Əldə edilən südün marketinqini təşkil etmək üçün süd qəbulu məntəqələri yaradılıb. Məntəqədə toplanmış və soyudulmuş süd emal müəssisələrinə satılacaq.

Qeyd edək ki, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Ağcabədi, Bərdə və İmişli rayonlarında ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 27, İmişli rayonunda isə 17 ailə kəndli təsərrüfatını əhatə edir. Layihəyə əsasən, bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi