Azərbaycan və Yaponiya birgə konrans keçirəcək

Azərbaycan və Yaponiya birgə konrans keçirəcək Tədbirdə kənd təsərrüfatında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunacaq
ASK
17 Fevral , 2016 18:57
Azərbaycan və Yaponiya birgə konrans keçirəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin texniki siyasət şöbəsində Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Takao İmanişi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan ofisinin əməkdaşı Sugiura Nobuo, Agentliyin Bakı nümayəndəliyinin əməkdaşları Fuşimi Katsutoşi və Nigar İsmayılovanın iştirakı ilə "dəyirmi masa" keçirilib. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, dəyirmi masanın keçirilməsində məqsəd Yaponiya hökumətinin 2KR Proqramı (Second Kennedy Round) çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyətinin dəyərləndirilməsi, habelə Proqramın səmərəliliyi və davamlılığının qiymətləndirilməsi olub. 

Texniki siyasət şöbəsinin müdir müavini, lizinq sektorunun müdiri K.İmanov bildirib ki, bu layihə kənd təsərrüfatında çox uğurlu olub və proqram çərçivəsində cəmi 1 637 ədəd müxtəlif markalı və təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 448 ədəd taxılyığan kombayn, 316 ədəd becərmə traktoru, 376 ədəd kotan, 170 ədəd toxumsəpən alınaraq ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə lizinq yolu ilə satılıb. 

Görüşdə qeyd olunub ki, 833 ədəd texnika Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına alınaraq Azərbaycana gətirilib, lakin 774 ədəd kənd təsərrüfatı texnikası qrant hesabına alınmış texnikaların istifadəsindən Tərəfdaşlıq Fonduna və dövriyyə hesabına toplanmış vəsaitlərin təkrar istifadəsi nəticəsində alınıb.

Qeyd edək ki, Azərbaycanda Yaponiya hökumətinin 2 KR Proqramı 1998-ci ildən həyata keçirilir. Bu proqram aqrar islahatların ilk illərində respublikanın texniki təminatı baxımından mühüm rol oynayıb, bununla yanaşı, proqramın həyata keçirilməsi nəticəsində kənd təsərrüfatında müasir texnika və texnologiyaların tətbiqi, habelə müasir tipli kənd təsərrüfatı texnikalarının istismarı sahəsində böyük bilik və təcrübə qazanılıb. 

"Dəyirmi masa" müzakirələrinin yekununda Azərbaycan və Yaponiya hökumətləri arasında kənd təsərrüfatında, o cümlədən 2KR Proqramı çərçivəsində əməkdaşlığın nəticələrinə dair yaxın gələcəkdə birgə konfransın təşkili və əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə həmin konfransda fəaliyyət istiqamətlərinin geniş müzakirə olunması məqsədəmüvafiq hesab edilib.

Son xəbərlər

Orphus sistemi