Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanda quş əti istehsalı prosesində istifadə olunan yem komponentlərinin dəyəri hazırda yerli istehsalçıları narahat edən əsas çətinlikdir. Quşların qidalanmasında istiadə edilən bu komponentlər xaricdən idxal edilir və ötən il milli valyutanın devalvasiyası nəticəsində bunun dəyəri iki dəfədan çox yüksəlib.
Bu barədə "Report"a quş əti satışını reallaşdıran yerli şirkətlərdən bildirilib.
Mütəxəssislərin sözlərinə görə, toyuq-cücə üçün zəruri olan bu vasitələr ölkəyə idxal olunur: "Azərbaycana həmin komponenetlər Türkiyə, Hollandiya, İspaniya və s. ölkələrdən gətirilir. Yemə 80 növ belə komponentlər qarışdırılır. Manatın məzənnəsi sabitliyini itirdikdən sonra onların dəyərində 80% fərq yaranıb. Ona görə də hazırda istehsal etdiyimiz hazır məhsulu maya dəyərindən nisbətən ucuz satmalı oluruq. Üstəlik, ilk devalvasiya zamanı quş məhsullarının satışından ilk iki ay ərzində yüz minlərlə dollar ziyana uğradıq. İkinci devalvasiyanın təsirini isə hələ də tam hesablayıb yekunlaşdıra bilmirik".
İstehsalşı rəsmilərinin bildirdiyinə görə, hazırda Azərbaycan Quşçuluq Cəmiyyəti ilə birgə ölkədə yem istehsalının təşkili məqsədi ilə torpaq sahələrinin ayrılması üçün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə yenidən müraciət olunub.