Azərbaycan "quş qripi" ilə bağlı sonuncu monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan "quş qripi" ilə bağlı sonuncu monitorinqin nəticələrini açıqlayıb Yoxlamalar zamanı 21 baş çöl quşu və 1 932 baş ev quşlarından qan nümunələri götürülüb
ASK
13 May , 2016 13:39
Azərbaycan quş qripi ilə bağlı sonuncu monitorinqin nəticələrini açıqlayıb

Bakı. 13 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə mayın 2-13-də ölkə ərazisində “quş qripi” xəstəliyinə görə növbəti monitorinq aparılıb. DBNX-dən "Report"a daxil olan məlumata görə, bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarında həyata keçirilib. Eləcə də monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından götürülən 1 932 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən kütləvi tələfolma hallarına rast gəlinməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkədə "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi