Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda quşçuluq müəssisələrinin istehsal prosesində istifadə etdiyi bəzi zəruri baytarlıq preparatları və avadanlıqların idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ölkədə istehsal olunan quş ətinin maya dəyərinin nisbətən azalmasına səbəb olacaq. Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev bildirib.
A.Vəliyev qeyd edib ki, verilən qərarın quş əti istehsalçılarının satışı zamanı yaranan çətinliklərin aradan qaldırılmasına kömək edəcək: "Hazırda ən lazımlı yem məhsulları sırasında soya və qarğıdalı hesab edilir. Bu yem məhsullarının idxalında bəzən 30%-dən artıq vergi yükü yaranır ki, bu da son məhsulun maya dəyərinin artmasına səbəb olurdu".
"Azərbaycan milli valyutasının məzənnəsinin zəifləməsi və quşçuluq üçün əsas komponentlərin xaricdən gətirilməsi səbəbindən bu bazarda fəaliyyət göstərən və maliyyə çətinlikləri ilə üzləşən 10-dan artıq quşçuluq müəssisəsi fəaliyyətini dayandırıb. Problemli kreditləri olan bu müəssisələrin əksəriyyətinin işi hazırda məhkəmədədir. Lakin quşçuluq müəssisələrinə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrılması və artıq burada zəruri yem məhsullarının yetişdirilməsinə dair qərar bu çətinliklərin həllinə müsbət töhfə ola bilər", - deyə AQC sədri vurğulayıb.
Qeyd edək ki, ölkədə quşçuluq müəssisələri lazımlı yem məhsullarının 85%-dən çoxunu Hollandiya, Türkiyə, İspaniya, Rusiya kimi ölkələrdən idxal edir.