Türkiyədə demokratik seçki - ölkəni qarışdırmaq istəyənlərə tutarlı cavab - ŞƏRH

Türkiyədə demokratik seçki - ölkəni qarışdırmaq istəyənlərə tutarlı cavab - ŞƏRH "Təkbaşına iş başına" keçənləri ölkə üçün taleyüklü məsələlərin həlli gözləyir
Analitika
2 Noyabr , 2015 15:35
Türkiyədə demokratik seçki - ölkəni qarışdırmaq istəyənlərə tutarlı cavab - ŞƏRH

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkiləri başa çatıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer) qazanaraq özlərinin bəyan etdiyi kimi, "təkbaşına iş başına"  gəliblər və birpartiyalı hökumət quracaqlar.

Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.

Ötən seçkilərin statistikasından da bəzi faktları göstərək. Bu il iyunun 7-də parlamentə keçirilən seçkidə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. 2011-ci ildə isə nəticələr belə olmuşdu: AKP 49,95 faiz (326 yer), CHP 25,94 faiz (135 yer), MHP 12,98 faiz (53 yer), HDP 12,98 faiz (36 yer).

2002-ci ildə keçirilən parlament seçkilərində 363 millət vəkili ilə AKP ölkə tarixində uzun illərdən sonra təkbaşına hökumət qurmağa nail olmuşdu. Onda CHP 178 yer qazana bilmişdi.

2014-cü il avqustun 10-da ölkə tarixində ilk dəfə keçirilən prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğan 51,79 faiz səslə qalib gəlmişdi.

Bu statistikadan da göründüyü kimi, 13 il ərzində AKP liderliyi əldən verməyib və artıq 4-cü dəfə təkbaşına hökumət qurmaq imkanı əldə edib.

Hakim partiya 4 ay öncəki seçkidə rəqiblərindən 58 millət vəkili yer ala bilib. Bununla da partiya öz hədəflərinə doğru irəliləməkdədir.

AKP-nin əsas hədəfi heç şübhəsiz ölkədə konstitusiya islahatını həyata keçirməkdir. Bu proses əsas qanun çərçivəsində ölkə həyatının ayrı-ayrı sahələrində gerçəkləşdiriləcək. AKP-nin ölkə daxilində həyata keçirmək istədiyi ideyalardan biri də demokratiyanı genişləndirib, dərinləşdirmək üçün "həll prosesi"ni ("çözüm sürəci") davam etdirmək və ya onu başa çatdırmaqdır.

İqtisadi islahatlar aparmaq, karbohidrogen tranziti xətləri üçün önəmli və etibarlı olmaq, bölgənin aparıcı gücü kimi dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı əldə etmək və s. məsələlərdə AKP-nin başlıca hədəflərindən sayıla bilər.

Bir neçə kəlmə ilə bu partiyanın qalib gəlməsi səbəblərindən yazmaq istərdik:

Yuxarıda diqqətinizə çatdırdığımız statistikadan da göründüyü kimi, bu siyasi təşkilat tərəfdarlarını cəmləşdirə və qüvvələri qoruya bilir. Hərçənd bu məsələdə 13 illik təkbaşına iqtidarda olmağında rolu yox deyil.

Komandada oyun qaydalarına əməl edilməsi haqda, hətta 11-ci prezident, AKP-nin əsas qurucularından olan Abdullah Gül belə birbaşa deyil, ehtiyatla danışır. Seçkidən öncə baş nazirin keçmiş müavini, AKP-nin "uzaqvuran toplarından" biri - Bülənt Arınc hökuməti tənqid etsə də, bunun perspektiv üçün deyildiyini də güman etmək olar.

Haşiyə, ehtimal edilir ki, AKP-dən uzaqlaşanlar və ya hökumətdə təmsil olunan sabiqlər yeni siyasi təşkilat quracaq.

Komandada yerdəyişmələrə etiraz edilməməsi, yaxud mövcud etirazların ictimailəşdirilməməsi demokratik cəmiyyətlər, o cümlədən Türkiyə üçün vacib məsələlərdəndir. Çünki bu sayaq etirazlar ictimailəşəndə həmin siyasi təşkilat və ya blokların cəmiyyətdəki nüfuzuna xələl gətirir.

İş adamları ilə dil tapmaq bacarığı - Türkiyədə və sahibkarlığın inkişaf etdiyi cəmiyyətlərdə bu amili siyasi qələbələr üçün əsas da saymaq olar. AKP hökumətinin bu istiqamətdə apardığı siyasət ona uğur qazandıran amillərdən sayıla bilər.

Dini məsələdə manevr etmək üstünlüyü - ötən müddət ərzində AKP ölkədəki bütün islam təriqətləri və dini azlıqları razı salmağa çalışılıb. Dini-siyasi cərəyan kimi, AKP ideologiyası Türkiyə üçün yenidir. Bu isə cəmiyyət tərəfindən hələ də qəbul edilir.

Rəqiblərinin, sağ-mərkəzçi partiyaların birləşməsi səslərin AKP-yə verilməsinə də yardım edib.

Ötən 4 ayda səs verən gənc seçicilərin sayının artması bu siyasi təşkilatın xeyrinə olub.

Bu siyasi təşkilatın uğur əldə etməsində rəqiblərinin və ya müxalifətin də rolu az deyil.

CHP və MHP özünü təkrarlayır. Cümhuriyyətçilərin hakimiyyəti eyni məsələdə təkrar tənqid edirlər. MHP isə "xeyir əfəndi" təşkilatına dönüb. Bu iki siyasi təşkilatın öz aralarında dil tapa bilməmələri AKP-nin xeyrinə olub. HDP isə tamam fərqli siyasi platformanın təmsilçisidir. Elə bu xətti tutması ilə o da AKP-yə "işləyib". Onun həmsədrinin deputat ola bilməməsi bu yanlışlığın göstəricisidr.

Son 4 ayda terrorçu PKK və İŞİD-ə qarşı mübarizədə fəallığı da indiki AKP iqtidarının xeyrinə işləyib və qələbə qazanmasına yardım edib. Başqa sözlə, hakim partiya Şərqi və Cənub-Şərqi Anadoluda iyunun 7-də keçirilən seçkidə buraxdığı səhvi təkrarlamamağa çalışıb. Terrorçuların təhdidi ilə səsverməni müəyyən mənada əngəlləyə bilib.

Terrorçulara qarşı mübarizə ölkənin bu ərazisindəki sakinlərin hakimiyyətə inamını artırıb və s.

Türkiyə Silahlı Qüvvələrinə 4 ayda gücünü nümayiş etdirməyə imkan verilib. Bununla da bölgədə Türkiyədəki siyasi proseslərə təsir etmək istəyənlərin geri çəkilməsinə nail olunub.

Bölgədə baş verənlər də bu partiyanın qələbə qazanmasında az rol oynamayıb.

Öncə qeyd edək ki, Türkiyəyə Suriya və İraqdan 2,5 milyon qaçqın sığınıb. Bu da ölkədə qarışıqlıq yaratmaq istəyənləri dəstəkləyənlərin ziyanına olan amillərdəndir. Seçicilər həmin qaçqınların həyatını görüb, ölkədə baş verəcək qarışıqlıqda vəziyyətlərinin onlarınkı kimi ola biləcəyindən ehtiyat edib. Ona görə də AKP-yə səs verməyə üstünlük verib.

Türkiyədəki seçkidə həm də ölkənin ərazi bütövlüyünün qorunmasına, problemlərin danışıq yolu ilə həllinə səs verilib.

Beləliklə, "təkbaşına iş başına" keçənləri ölkə üçün taleyüklü məsələlərin həlli gözləyir. Bunlardan ən əsası Türkiyənin unitar dövlət olaraq qalması və ərazi bütövlüyünün pozulmaması və demokratiyanın dərinləşdirilməsidir.

TBMM-ə keçirilən seçkini müsəlman və bölgə dövlətləri üçün də bir örnək saymaq olar. Bu isə Türkiyənin bölgədə gedən proseslərə təsir etmək imkanlarını artırır.

Seçki ölkənin demokratik prinsiplərə sadiqliyini də nümayiş etdirdi. Bu, son zamanlar baş verən siyasi hadisələr fonunda çox vacibdir. Başqa sözlə, bu məsələdə Türkiyəyə kənardan müdaxilə edilməsinə imkan verilmədi.

Son xəbərlər

Orphus sistemi