Səudiyyə Ərəbistanı - İran: Müharibə hər iki dövlətdəki quruluşun düşmənidir - ŞƏRH

Səudiyyə Ərəbistanı - İran: Müharibə hər iki dövlətdəki quruluşun düşmənidir - ŞƏRH Silahlar isə bahalı olacaq - qırıcılar, gəmilər, raketlər və s.
Analitika
4 Yanvar , 2016 15:19
Səudiyyə Ərəbistanı - İran: Müharibə hər iki dövlətdəki quruluşun düşmənidir - ŞƏRH

Bakı. 4 yanvar. REPORT.AZ/ Onsuz da başı qalmaqal və gərginlikdən ayılmayan Orta Şərq üçün milad təqvimi ilə yeni il heç də yaxşı başlamadı. Bölgədə hegemonluq uğrunda mübarizə aparan iki iddialı dövlət - Səudiyyə Ərəbistanı və İran İslam Respublikası arasında münaqişə üçün yeni bir amil meydana çıxdı.

Yanvarın 2-də edam edilən Nimr Baqir ən-Nimr "kütləvi etiraz aksiyalarını və iğtişaşları qızışdırmaq" ittihamı ilə 2012-ci il iyulun 8-dən krallıqda tutulub. Məhkəmənin edam qərarı isə

2014-cü ilin oktyabrında verilib.

Qeyd edək ki, o, 1959-cu ildə Səudiyyə Ərəbistanının şərqində yerləşən əl-Əvamiyyə əyalətinin Qətif şəhərində anadan olub. Qətif şiələrin sıx yaşadığı bölgədir. Bundan başqa, həmin bölgə neftlə zəngin ərazidir. Ancaq yerli əhaliyə bu sərvətdən demək olar ki, pay düşmür. Ona görə də bölgədə sosial vəziyyət daha ağır sayılır.

Yeri gəlmişkən, İranda ərəblərin (sünni) yaşadığı Xuzistan əyalətinin Əhvaz bölgəsi də neft və təbii qazla zəngin ərazidir. Ancaq oranın da təbii sərvətlərindən yerli ərəblərə pay düşmür.

Ən-Nimr 1989-cu ildə İrana gedib və orada 10 il təhsil alıb. Bundan sonra təhsilini davam etdirmək üçün Suriyaya gedərək Həzrəti-Zeynəb dini-elmi mərkəzində təhsilini davam etdirib.

Ölkəsinə döndükdən sonra krallıqda, əl-Əvamiyyədə "əl-İmam əl-Qaim" (Qaim - 12-ci imam Mehdi nəzərdə tutulur) dini mərkəzini təsis edib.

2010-cu ildə "ərəb baharı"nın küləyi zəif də olsa, Səudiyyə Ərəbistanından da əsdi. Oradakı hərəkata ən-Nimr başçılıq edib. 2011-ci ilin oktyabrında əl-Əvamiyyədəki aksiyaların başçısı ən-Nimr olub.

Səudiyyə Ərəbistanındakı hərəkata başçılıq etməklə yanaşı, Bəhreyndəki aksiyaları da dəstəkləyib.

Hadisələr sakitləşdirildikdən sonra ən-Nimr bir müddət qaçaq yaşayıb. 2012-ci ildə tutulub. İddialara əsasən, o, İrandakı kimi monarxiyanın yerinə, Səudiyyə Ərəbistanında da teokratik rejimin qurulması uğrunda mübarizə aparanlardan olub.

Səudiyyə Ərəbistanı məhkəməsi Nimr və daha 46 nəfəri "terrorçuluq və terrora təhrikdə" ittiham edib. Edam olunanların çoxu 2003-2006-cı illərdə “əl-Qaidə” terror qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham olunublar.

Edamla bağlı xəbər yayılandan sonra bir qrup Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunun binasına hücum edib. Aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq, binanın bir hissəsini yandırıblar. Tehranda da Səudiyyə Ərəbistanı səfirliyinin binası qarşısında aksiya keçirilib.

Ötən gün isə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Qətifdə bir qrup etiraz aksiyası keçirib. Polislə onlar arasında qarşıdurma yaranıb.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ən-Nimrin edamına görə Səudiyyə Ərəbistanından "ilahi qisas" alacaq deyib.

İslam Respublikasının hərbi liderləri Səudiyyə Ərəbistanını hədələyib, ölkə prezidenti də krallığın bu hərəkətini pisləməklə yanaşı, Məşhəddəki konsulluğun binasına hücumu tənqid edib.

Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb dövlətləri dəfələrlə İrandakı hakimiyyəti tənqid edərək, rəsmi Tehranı ölkələrinin daxili işinə müdaxilə etməkdə suçlayıblar.

Edam hökmünün icrasına Səudiyyə Ərəbistanı ilə müttəfiq olan, İranla münasibətləri qaydasına salmaq istəyən Avropa Birliyi və ABŞ da münasibət bildirib. Onlar insan haqlarına hörmət edilməsi yönündə xəbərdarlıq edib, vətəndaşlıq və siyasi hüquqların qorunması ilə bağlı vəziyyətdən rahatsız olduqlarını vurğulayıblar.

Səudiyyə Ərəbistanı ilə İran müharibə edəcəkmi? Günün maraqlı suallarından biri budur.

Bu məsələyə keçməzdən öncə bu iki dövlət arasında müəyyən oxşar və fərqli cəhətlərə ötəri də olsa, nəzər salaq.

İndiki İranla Səudiyyə Ərəbistanı arasında düşmənçiliyin tarixi az qala İslam yaranan gündən başlayır. Çünki o zamanlar ərəblər farsların Sasanilər imperiyasını süquta yetiriblər. Farsların hökmranlığı bitdikdən sonra da onlar ölkədə hakim olan türk sülalələri vasitəsilə bu istiqamətdə fəaliyyətlərini davam etdiriblər. 1979-cu il inqilabından sonra bu düşmənçilik açıq və qabarıq müstəviyə keçib. Odur ki, iki ölkə arasındakı münaqişə yalnız krallıq - İslam Respublikası ziddiyyəti deyil. Bu, həm də ərəblərlə İrandakı hakim fars mədəniyyətinin bir-biri ilə mübarizəsidir.

Xatırladaq ki, ərəb dövlətlərinin rəsmiləri İslam Respublikasının ölkələrinin daxili işinə müdaxilə etidiyini dəfələrlə bəyan ediblər.

Ona görə də illər uzunudur İslam adı altında müxtəlif məsələləri qabardaraq, iki dövlət və ya ərəblərlə İrandakı hakimiyyət bir-birinə qarşı ittihamlar irəli sürür.

Krallıqla Tehran bölgədə hegemonluq, müsəlmanlar arasında liderlik uğrunda mübarizə aparmaqdadır.

Hər iki dövlət neft və təbii qazla zəngindir. Səudiyyə Ərəbistanı Qərbin müttəfiqidir. İran isə bu istiqamətdə münasibətləri bərpa etmək üçün fəaliyyət göstərir.

Livan, Suriya, İraq, Fələstin, Yəmən, Misir, Bəhreyn, Küveyt və s. dövlətlərdə Tehranla ər-Riyad bir-birinə qarşı düşmən cəbhələrdə döyüşür.

Tərəflər arasında ziddiyyətlər 2015-ci ilin Məkkə ziyarəti zamanı baş verən faciəli hadisədən sonra daha da kəskinləşdi. İranın iddiasına görə, faciə nəticəsində 464 iranlı zəvvar həyatını itirib. Maraqlı məsələlərdən biri də budur ki, Tehran həmin zəvvarların meyitini ölkəyə gətirdi.

Bəzi versiyalara əsasən, İran tərəfi bunu baş verən hadisədə izini itirmək üçün edib. Çünki bu hadisənin terror olduğu da iddia edilirdi. Həmin terroru isə İrandan gedən "zəvvarlar"ın törətdiyi deyilirdi. Bildirilirdi ki, terrordakı izini itirmək üçün Tehran meyitlərin qısa müddətə Səudiyyə Ərəbistanı ərazisindən çıxarılmasına nail oldu.

Münasibətlərdəki toqquşan məqamların sayını artırmaq da olar. Odur ki, yazımızdakı əsas suala qayıdaq: Səudiyyə Ərəbistanı ilə İran müharibə edəcəkmi?

Əslində, onlar Suriya və Yəməndə açıq, İraq və Livanda isə gizli şəkildə savaşırlar.

Birbaşa quru sərhədləri olmadığından, bu savaşın bahalı olacağı da istisna edilmir. İndiki şəraitdə açıq müharibə krallığa müəyyən mənada sərf etsə də, İrana heç sərf etmir.

Çünki 1979-cu il inqilabından sonra Tehran bir dəfə İraqla müharibəyə başladı və onun ağır nəticələrini ölkə əhalisi indiyədək hiss etməkdədir. Savaşın bitməsindən 28 ilə yaxın vaxt keçsə də, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. O vaxt müharibə İran üçün həm də daxildəki inqilab əleyhdarlarını susdurmaq və güc nümayiş etdirmək üçün lazım idi.

İslam Respublikasının rəhbərliyi indi müharibəyə başlasa, ölkə iqtisadiyyatı tam çökər. Bunun isə ağır nəticələrinin ola biləcəyi sirr deyil. Bundan başqa, Suriyada, İraqda, Yəməndə gedən döyüşlərdə iştirak etmək və ya onu dəstəkləmək, eləcə də Livanda "Hizbullah"ı saxlamaq onsuz da İranın rəsmi və qeyri-rəsmi büdcəsinə xeyli ziyan vurur.

Səudiyyə Ərəbistanı daxili narazılığı cilovlamaq üçün savaşa girişə bilər. Onun hələ ki, maliyyə imkanları buna yol verir. Ancaq bu savaşın uzun sürmə ehtimal azdır. Çünki Səudiyyə Ərəbistanındakı monarxiya quruluşunun da əleyhdarları az deyil. Onlar mərkəzi hakimiyyətin düşdüyü vəziyyətdən istifadə edərək krallığa son verə bilərlər.

Tarixdə savaş zamanı və ya ondan sonra rejimlərin dəyşməsi hadisələri dəfələrlə baş verib.

Bu və başqa bu kimi səbəblər baxımdan savaşı hər iki rejim üçün düşmən saymaq olar. Onu da nəzərə almaq lazımdır ki, bu savaş baş verərsə, kənardakı qüvvələr xeyli varlana bilər. Odur ki, tərəflərin təhriklərə uymayacağı ehtimalı az olsa da, yox deyil.

Səudiyyə ilə İran öz arasında müharibə etməsə də, Yəmən və Suriyada döyüşlərin şiddətlənəcəyi istisna olunmur. Ər-Riyad və Tehran bu ölkədə gedən döyüşlərlə bir-birini məğlub etməyə və ya bir-birindən qisas almağa da çalışacaq.

Beləliklə, ehtimal edilən savaş olmasa da, tərəflərin bir-birindən müdafiəsi üçün silahlanma yarışı başlayacaq. Silahlar isə bahalı olacaq - qırıcılar, gəmilər, raketlər və s.  

Son xəbərlər

Orphus sistemi